Birinci divizionun III turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası növbəti oyununu keçirib. İmişlidə “Mil-Muğan” komandasının qonağı olan qırmızı-ağlar “ev”ə bir xalla qayıtmağı bacarıblar. Oyun boyu üstünlüyü əldən verməyən muxtar respublika təmsilçisi cari mövsümdə keçiridiyi ikinci səfər matçını da məğlubiyyətsiz başa vurub. Bu görüşdə diqqət daha çox hakim Anar Niyazovun üzərində olub. Belə ki, A.Niyazov birinci və ikinci hissələrdə dəqiq penalti epizodlarında fit çalmayıb. İlk hissədə cərimə meydançasında əllə oynayan “Mil-Muğan” komandasının futbolçusunun bu “bacarığı” hakimin gözündən “yayınıb”. Elə ikinci hissədə də eyni epizodda iki dəfə topa əllə müdaxilə edən rəqib futbolçusu hakimin çalmayan fitinə sevinib. “Araz-Naxçıvan” futbolçularının etirazına baxmayaraq, Anar Niyazov oyunu davam etdirib. Bundan sonra Naxçıvan təmsilçisi hücumlarının kəsərini artırsa da, hesabı dəyişə bilməyib. Bu heç-heçədən sonra “Araz-Naxçıvan” 7 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” komandası növbəti turun oyununu da səfərdə keçirəcək. Belə ki, oktyabrın 6-da komandamız Qazaxda yerli “Göyəzən”in qonağı olacaq.

Ceyhun MƏMMƏDOV