Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionunda “Heydər Əliyev ili” ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə birincilik keçirilib. Birincilikdə 17 komandada 150-dən çox məktəbli mübarizə aparıb. Yarış oğlanlar arasında 100, 200, 400, 800, 1500, qızlar arasında isə 100, 200, 400, 800, 1000 metr məsafələrə qaçış üzrə keçirilib. Yarışda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhər 3 və 16 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalara Naxçıvan Muxtar Respublikası Yüngül  Atletika Federasiyasının hədiyyələri, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Yüngül Atletika Federasiyası