Birinci divizionda mübarizə aparan “Araz-Naxçıvan” futbol komandası sentyabrın 22-də çempionatın ikinci turu çərçivəsində Naxçıvan Muxtar Respublika Stadionunda Şəmkirin eyniadlı komandasını qəbul edib. Ramil Diniyevin idarə etdiyi matçda komandamız qələbə qazanmağa müvəffəq olub. İlk dəqiqələrdən üstünlüyü ələ alan qırmızı-ağlar 18-ci dəqiqədə hesabı açıblar. Yarımmüdafiəçimiz Əlimirzə Daşzərini cərimə zərbəsindən mükəmməl qola imza atıb. İkinci hissə başlayan kimi hücumlarını davam etdirən Naxçıvan təmsilçiləri 59-cu dəqiqədə Bəxtiyar Soltan­ovun qolu sayəsində hesabı 2:0-a çatdırıblar. 71-ci dəqiqədə B. Soltanov dublunu rəsmiləşdirib – 3:0. Oyunun son dəqiqəsində isə qapıçı Nicat Əliyevin səhvi diqqətdən qaçmayıb. Fürsətdən istifadə edən Vüsal İbrahimov hesab arasındakı fərqi azaldıb. İki oyundan maksimum nəticə əldə edən “Araz-Naxçıvan” turnir cədvəlində xal ehtiyatını 6-ya çatdırıb və adını liderlər cərgəsinə yazdırıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” birinci divizionun üçüncü turunda növbəti oyununu İmişlidə “Mil-Muğan” komandasına qarşı keçirəcək.

Ceyhun MƏMMƏDOV