2021-ci ildə keçiriləcək AVRO-2020-nin final mərhələsi ərəfəsində milli komandaların yoxlama oyunları üçün iki pəncərə nəzərdə tutulub.

Bu, UEFA-nın klublara göndərdiyi növbəti təlimat məktubunda əksini tapıb.

 Bildirilib ki, yığmaların qarşılaşmaları mart və may aylarında baş tutacaq. Yoxlama oyunları üçün ayrılan “pəncərə”lər martın 22-30-da və mayın 31-dən iyunun 8-dək olacaq. Bu, Azərbaycan milli komandasının gələn ilin ilk yarısında ən azı 4 yoxlama matçı keçirmək imkanı qazanması anlamına gəlir. 

Hərçənd koronavirus pandemiyasının alt-üst etdiyi futbol təqvimində bir sıra suallar hələ də qalmaqdadır. Yoluxma təhlükəsi bitmədiyindən Millətlər Liqası, həmçinin DÇ-2022-nin seçmə oyunlarının taleyi də tam dəqiqləşməyib.

Qeyd edək ki, AVRO-2020-nin 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsi 2021-ci il iyunun 11-də start götürəcək.