Azərbaycan birinci divizionunda yeni – 2013-2014-cü il mövsümünə start verildi. Cari ilin bizim üçün bu qədər maraq kəsb etməyinin əsas səbəbi isə Naxçıvanın “Araz” futbol klubunun çempionatda çıxış etməsidir.

“Turan-T” ilə yarımçıq qalmış hesab

“Araz-Naxçıvan”ın birinci divizionun startında belə çətin rəqiblə qarşılaşmağı bir qədər arzuolunmaz idi. Çünki premyer-liqanın bütün mövsümlərinin iştirakçısı olmuş “Turan”a qarşı səfərdə oynamaq heç də asan deyildi. Bir vaxtlar Tovuz klubunun “sükanı arxasında əyləşmiş” Əsgər Abdullayev bu dəfə keçmiş komandasına qarşı idi. Sonuncu dəfə “Araz” güclülər dəstəsində 2000-2001 və 2001-2002-ci illər mövsümündə çıxış edib.
İlk mövsümdə komandamız məhz bu stadionda tovuzlulara məğlub olmuşdu. Naxçıvanda keçirilən görüşdə meydanı “sülh”lə (1:1) tərk edən qırmızı-ağlar səfərdə 2:7 hesablı ağır məğlubiyyətə düçar olmuşdu. 12 klubun dairəvi sistemlə mübarizə apardığı 2000-2001-ci il mövsümündə “Araz” da yarışa qatılmışdı. Reqlamentə əsasən, həmin çempionatda 2 komanda aşağı dəstəyə yuvarlanmalı idi. Keçirdiyi 20 oyundan 4-nü qələbə, 2-ni isə heç-heçə ilə başa vuran Naxçıvan təmsilçisi 14 xalla mövsümü 9-cu pillədə başa vurmaqla yeni mövsümdə güclülər dəstəsində qalmağa müvəffəq olmuşdu.

Növbəti – 2001-2002-ci il mövsümündə komandamız daha uğurlu təsir bağışladı. 12 komandanın iştirak etdiyi çempionatda “Araz” 22 matçda 6 qələbə və 6 heç-heçə əldə etdi. Beləliklə, 24 xal toplayan muxtar respublika klubu turnir cədvəlinin birinci mərhələsini 8-ci pillədə tamamladı. İkinci mərhələdə isə komandamız müəyyən səbəblərə görə çempionatda çıxış etmədi (həmçinin Azərbaycan çempionatı yarımçıq dayandırıldı). Qeyd edilən mövsümdə də komandamız ilk mərhələdə “Turan”la iki görüş keçirdi. Tovuzda komandamızı məğlub edən (0:2) “Turan” Naxçıvanda yenə heç-heçə ilə barışmalı oldu – 2:2.

Ə.Abdullayevin taktikası və gənc­lərin inamlı çıxışı

Təbii ki, həmin dövrdə komandamız hazırkı şəraitlə təmin olunmamışdı. Futbola göstərilən qayğı nəticəsində “Araz-Naxçıvan” yenidən formalaşdı və birinci divizionda mübarizəyə qoşularaq azarkeşləri stadiona toplamağı bacardı. İlk turun səfərdə keçirilməsi qırmızı-ağlar üçün çətin oldu. Çünki baş məşqçi Əsgər Abdullayev yeni yaradılan komandada yeni, gənc futbolçuları meydana buraxmışdı. Hələ ki rəsmi görüşə çıxmayan bir komanda üçün bu, vacib amildir. Hər hansı uğursuzluqda Ə.Abdullayevin özü də futbolçuları təqsirli hesab edə bilməzdi: komanda yeni yaranıb, futbolçuların çoxu bir yerdə oynamayıb, onlar meydanda bir-birlərini tam olaraq başa düşməyə bilərlər və sair. Bu kimi halları nəzərə alan baş məşqçi sanki Tovuza hazır vəziyyətdə yollanmışdı. Bir müddət əvvəl Tovuzda yerli komandanın məşqçisi kimi meydana çıxan Əsgər Abdullayev bu dəfə rəqib kimi “Turan-T” azarkeşi qarşısında nəyə qadir olduğunu göstərdi.
Oyuna gəlincə, Əsgər Abdullayev ənənəsinə sadiq qalaraq yenə rəqib qarşısında 4-5-1 taktikası ilə oynamağa üstünlük verdi. Qapını təcrübəli Hüseyn Məhəmmədov qoruyurdu. Baş məşqçi hücum xəttində Bəxtiyar Soltanova güvənmişdi. Təbii ki, cinahlardan Emin İmaməliyev və Elgün Abbaslı hücumun sivri ucunda olan B.Soltan­ova daim dəstək olurdular. Oyuna sürətli başlayan “Araz-Naxçıvan” elə ilk dəqiqələrdən hesabı açmağa can atan tərəf oldu. 10-cu dəqiqədə komandamız tablodakı sıfırları dəyişdi. Belə ki, E.İmaməliyevin künc zərbəsindən yerlə ötürməsini iki futbolçu aldadıcı fəndlə buraxdı. Akif Tağıyev isə gələn ötürməni zərbə ilə qapıya endirdi. 20 yaşlı futbolçumuzun bu qolundan sonra komandamız daha inamla irəli atılmağa başladı. Bu anda müdafiədə boşluqdan istifadə edən meydan sahibləri “status-kvo”nu bərpa etməyə müvəffəq oldular. 27-ci dəqiqədə əks-hücum zamanı Kamil Xanıyev yerli fanatları coşdurdu. Qol sanki qırmızı-ağları yuxudan oyatdı. Ardıcıl hücumlar təşkil edən Əsgər Abdullayevin “drujinası” ilk hissədə hesabı dəyişə bilərdi. İlk olaraq, Mikayıl Rəhim­ovun başla zərbəsi qapıdan bir qədər aralı keçdi. Daha sonra Emin İmaməliyevin qüvvətli zərbəsini qapıçı geri qaytarsa da, növbəti zərbədə Bəxtiyar Soltanovda dəqiqlik çatmadı.
İlk hissəyə nisbətən ikinci hissədə qələbəni daha çox qazanmaq istəyən tərəf kimi “Araz-Naxçıvan” görünürdü. Ə.Abdullayev ikinci yarıya başlamamışdan öncə meydana yeni ruh, qüvvə atmaq fikrində idi. Onun daha çox sürətli və gənc futbolçulara inamı 52-ci dəqiqədə öz bəhrəsini verdi. Eşqin Quliyevin ötürməsindən sonra Emin İmam­əliyev qapıçı ilə üzbəüz qaldı. Fürsətdən istifadə edən Emin İmam­əliyev komandasını yenidən hesabda önə keçirdi. Emin İmaməliyev bundan sonra sanki rəqibin zəif tərəflərini müəyyənləşdirdi. Onun ardıcıl uzaqdan zərbələrinin bir qismi qapıdan aralı keçsə də, bir qismini qapıçı çətinliklə dəf etdi. Artıq əsasən hesabı qoruyub saxlamağa çalışan “Araz-Naxçıvan” həmçinin rəqib qapıçını da narahat edirdi. Belə epizodların birində Elgün Abbaslının zərbəsi dirəyə tuş gəldi. Son dəqiqələrə kimi inamlı təsir bağışlayan və rəqibin bütün hücumlarını dəf edən qırmızı-ağlar 10 mövsümlük fasilədən sonra səfərdə qələbəni təmin etməyə müvəffəq oldu.
Sonuncu dəfə 2001-2002-ci il mövsümündə səfərdə “Dinamo-Bakılı”nı məğlub edən (2:4) “Araz-Naxçıvan” o gündən bəri qonaq sindromunu sındıra bilmirdi. 12 ildən sonra səfərdə qələbəni bayram edən muxtar respublika klubu səfər qələbəsi həsrətinə son qoymuş oldu.
Qeyd edək ki, “Araz-Naxçıvan” birinci divizionda növbəti görüşünü Şəmkirin eyniadlı komandasına qarşı keçirəcək. II tur çərçivəsində keçirilən matç sentyabrın 22-si Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq. Oyunun başlama vaxtı isə 1800-dir.

Ceyhun MƏMMƏDOV