Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Futzal Federasiyasının təşkilatçılığı ilə keçirilən futzal üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.
İlk dəfə olaraq ölkə kubokunda Naxçıvan Futzal Liqasının iki komandası da mübarizə aparıb. Muxtar respublikamızı kubok oyunlarında “Badamlı” və “Nəqşicahan” futbol klubları təmsil ediblər.

Bu mərhələdə komandalar iki görüşdə üz-üzə gəliblər. “Badamlı” futbol klubu 1/16 final görüşündə “Forza Neftçi” komandası ilə qarşılaşıb. İlk oyunda 5:2 hesablı qələbə qazanan təmsilçimiz ikinci görüşdə də meydanı qələbə ilə tərk edib – 7:3.
“Nəqşicahan” futbol klubu isə ilk oyunda “Bakı TFK” ilə “sülh bağlayıb” – 0:0. Lakin ikinci oyunda daha əzmkar mübarizə aparan komandamız rəqib qapısından 5 top keçirməyə müvəffəq olub – 5:1.
Bu nəticələrdən sonra hər iki komandamız 1/8 final mərhələsinə yüksəlib. Bu mərhələdə “Badamlı” “Neftçi” ilə, “Nəqşicahan” isə “Baku Fans” komandaları ilə qarşılaşacaqlar. Oyunlar mart ayının 11-i və 12-də, cavab qarşılaşmaları isə martın 18-i və 19-da keçiriləcək.

 Ceyhun MƏMMƏDOV