Dövlət proqramı Naxçıvanda bu sahənin inkişafına yeni nəfəs verəcək

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət də kökündən dəyişdi, bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması, olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.  Qısa zaman kəsiyində həyata keçirilən mühüm tədbirlər nəticəsində idmançılarımız böyük qələbələrə imza atdılar. Ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı zəruri məsələlərdən birinə çevrildi.

Dayanıqlı xarakter alan idmanımız – uğurlarımız

Artıq muxtar respublikada idmanın inkişafı dayanıqlı xarakter alıb. Bu gün diyarımızda bu sahənin kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı günbəgün artır, görülən işlər gəncləri də həvəsləndirir. Muxtar respublikada aparılan uğurlu idman siyasəti – müasir infrastrukturun yaradılması, istedadlı idmançılara stimul verilməsi, onların ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmələrinə şərait yaradılması diyarımızın idman karyerasının yüksəldilməsi ilə yanaşı, gənclərin inkişafına, ölkənin, muxtar respublikamızın təbliğinə də öz dəstəyini verir.
Ötən il Gənclər və İdman Nazirliyinin xətti ilə 5-i beynəlxalq, 1-i ölkə səviyyəli olmaqla, ümumilikdə, muxtar respublikamızda 386 tədbir reallaşdırılıb. Xaricdən gələn idmançılar burada keçirilən beynəlxalq yarışlara qatılıb, naxçıvanlı idmançılar isə başqa ölkələrdə beynəlxalq turnirlərdə iştirak ediblər. Muxtar respublika idmançıları 2019-cu ildə dünya çempionatlarında 5, Avropa çempionatlarında 20, beynəlxalq turnirlərdə 165, Azərbaycan birinciliklərində 179 olmaqla, ümumilikdə, 369 medal qazanıblar. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə idmançılarımız respublika səviyyəli yarışlarda 105, beynəlxalq miqyaslı turnirlərdə 84, dünya səviyyəli yarışlarda 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1 olmaqla, ümumilikdə, 195 medala sahib olublar. Bütün bunlar onu deməyə əsas verir ki, onlar ölkəmizin, muxtar respublikanın idman ənənələrini beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər.
Qazanılan nailiyyətlər həm də onu göstərir ki, idmançılarımız nəinki fiziki, eyni zamanda intellektual cəhətdən də böyük potensiala malikdirlər. Cari ildə də onlar idman turizminin inkişafına öz töhfəsini verəcək, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Festivalının, cüdo üzrə Beynəlxalq turnirin, karate üzrə Dünya Kubokunun, 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının, futbol üzrə “Heydər Əliyev Kuboku” turnirinin və bır sıra yoldaşlıq görüşlərinin iştirakçıları olacaqlar.

Muxtar respublikamızda cəmiyyətin böyük bir hissəsinin maraqlarını özündə birləşdirən idman idarəetmə sistemi təkmilləşdirilərək müəyyən qurumlarla əməkdaşlığa başlanılıb ki, bu da idmanın imkanlarından daha səmərəli istifadə etmək istəyənlər üçün geniş imkanlar açıb. Bu sahədə görülən ən mühüm iş isə kənd­lərdə də idmanın inkişafına diqqətin artırılmasıdır. Belə ki, yeni inşa edilən məktəb binalarında idman zallarının olması ucqar kənd­lərdə yaşayan uşaq, yeniyetmə və gənclərin bu sahəyə axınını xeyli sürətləndirib. İndi həmin kəndlərdə yaşayan uşaq və yeniyetmələr keçirilən rayon, şəhər və muxtar respublika birinciliklərində qüvvələrini sınayır, hətta muxtar respublikanı ölkə və beynəlxalq yarışlarda təmsil edirlər. Bu göstərici idmanın kütləviliyinin diyarımızda pik nöqtədə olduğunun əyani sübutudur. Ümumiyyətlə, dünyanın Şərqə açılan qapısı Naxçıvanda keçirilən müxtəlif tədbirlər muxtar respublikamızın bu sahədəki beynəlxalq mövqeyini də gücləndirib. Burada idman siyasəti artıq beynəlxalq müstəvidə bir modelə çevrilib. Bu faktı diyarımıza səfər etmiş dünyanın tanınmış idmançılarından da tez-tez eşidirik.

Keçirilən müşavirələrin müsbət nəticələri

Muxtar respublikamızda digər sahələr kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Son illər iqtisadiyyatımızın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayıb. Naxçıvanda idmanın inkişaf strategiyasının növbəti hədəflərinin, mövcud nöqsanların və onların aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsində Ali Məclisdə keçirilən ənənəvi müşavirələrin də mühüm rolu vardır. 2018-ci il dekabrın 10-da “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, yarışların kütləviliyinin artırılması, müxtəlif muxtar respublika birinciliklərinin keçirilməsi, Azərbaycanın iştirak etdiyi beynəlxalq yarışlarda muxtar respublika idmançılarının da iştirakının təmin edilməsi ilə bağlı bir sıra mühüm tapşırıqlar vermişdi. Müşavirədə idman federasiyalarının da fəaliyyətlərində ciddi dönüş yaratmaları ilə bağlı verilən tapşırığa əsasən Şahmat, Futbol, Paralimpiya, Atıcılıq federasiyalarında struktur dəyişiklikləri Azərbaycan, dünya və Avropa birinciliklərində, beynəlxalq turnirlərdə Şahmat, Güləş, Karate-do, Boks, Futbol, Kikboksinq, Yüngül Atletika və Par­a­limpiya federasiyaları idmançılarının böyük uğurlara imza atması ilə nəticələnib.

Cari il fevralın 1-də “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri qeyd edib ki, hazırda muxtar respublikada 58 idman müəssisəsi və 886 idman obyekti fəaliyyət göstərir. İdmanın tədrisi və gənclərin fiziki hazırlığı ilə 812 müəllim məşğul olur. Uşaq və gənclərin idmana cəlbi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikada idman tədbirləri beynəlxalq xarakter alır. Müasir idman infrastrukturu və bu sahəyə göstərilən qayğının nəticəsidir ki, 2019-cu ildə muxtar respublikada 1 ölkə və 5 beynəlxalq səviyyəli idman tədbiri keçirilib.
Ali Məclisin Sədri vurğulayıb ki, qazanılan nailiyyətlərlə kifayətlənməməli, muxtar respublikada idman sahəsində həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilməlidir. Muxtar respublika rəhbəri Gənclər və İdman Nazirliyinə, idman federasiyalarına idman növlərinin inkişaf etdirilməsi, uşaq və gənclərin idmana cəlbi, yarışların kütləviliyinin artırılması, Hava və Ekstremal İdman Növləri, Voleybol və Basketbol federasiyalarının fəaliyyətində dönüş yaradılması məqsədilə mühüm tapşırıq və tövsiyələr verib.

Göründüyü kimi, keçirilən müşavirələrdə idman ənənələrinin qorunub saxlanılması, yaradılan infrastrukturdan səmərəli istifadə olunması, yeni idmançı nəslinin yetişdirilməsi əsas prioritet kimi qəbul edilib və bu sahələrdə müvafiq idman tədbirlərinin həyata keçiriləcəyi nəzərdə tutulub. Müşavirədən sonra qısa zamanda muxtar respublikada idmanın davamlı inkişafını təmin etmək məqsədilə atılan ilk mühüm addım isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi oldu.

İdmanın inkişafına dair dövlət proqramı və qarşıya qoyulan prioritet vəzifələr

Dövlət proqramının məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın bütün növlərinin inkişafına şəraitin yaradılmasıdır.

Bu mühüm dövlət sənədinin başlıca strateji hədəfi mövcud imkanları, resursları nəzərə almaqla muxtar respublikada idman siyasətinin məqsədyönlü davamı, idman strukturunun tam şəkildə təmin olunması və idmançılarımızın vətəndaş kimi cəmiyyətin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Muxtar respublikamızda insanların bu sahə ilə məşğul olmaları, sağlamlıqlarının qorunması üçün hərtərəfli şərait yaradılıb, davamlı olaraq idman strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçirilir. Olimpiya və qeyri-olimpiya növlərinin kütləvi hal alması, şaxələndirilməsi, inkişaf etdirilməsi və idman infrastrukturunun təkmilləşdirilməsi prioritet istiqamət kimi qəbul olunub.
Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə idmanın kütləviliyini rayon və kəndlərdə artırmaq, yüksək inkişaf tempini gələcək illərdə də qorumaq, rəqabətqabiliyyətlilik imkanlarını genişləndirməkdən ibarətdir. Həmin məqsədlərə çatmaq üçün bütün imkanlardan tam şəkildə istifadə etmək, mövcud idman infrastrukturundan səmərəli yararlanmaq və bu potensialın gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir.
Dövlət proqramında idmanın inkişafı üçün bu sahədə kadr siyasətinin təkmilləşdirilməsi, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində kadr hazırlığının gücləndirilməsi nəzərdə tutulur, idmanın tədrisinin səviyyəsinin yüksəldilməsi, pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi, tədrisin ixtisaslı müəllimlər tərəfindən aparılması, idmanın müxtəlif sahələri üzrə şagird və tələbələrin idmana cəlb olunması və digər tədbirlərin də həyata keçirilməsi planlaşdırılır. Məhz bu amillər nəticəsində ali və orta ixtisas təhsili müəssisələrində idman sahəsi üzrə aparılan işlər genişləndiriləcək. Eyni zamanda bu proqram təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin saatlarının artırılması və yeni metodik vəsaitlərin işlənib hazırlanmasına da imkanlar açacaq.

Dövlət proqramı idman sahəsindəki hədəfləri müəyyən edir və bu hədəflərə çatmaq üçün tərəfdaşlıq şəraitində işləməyin yeni yollarını axtarır. Əsas hədəf yaşından və sağlamlıq vəziyyətindən asılı olmayaraq, hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, klubların, məşqçilərin və könüllülərin dinamik şəbəkəsini yaratmaq və formalaşdırmaqdır.
İdmanın kütləviliyini təmin etmək əsas məsələdir. Uşaq və yeniyetmələrin mənəvi-fiziki inkişafı üçün idman sahəsində qarşılıqlı fəaliyyət planlarının hazırlanması, federasiya, klub və digər ictimai birliklərin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakının təmin edilməsi, bütün təhsil müəssisələrində idman klublarının yaradılması, idman yarışları və spartakiadaların təşkil edilməsi vacibdir.
Təbii ki, qızların da idmana cəlbini unutmaq olmaz. Bu gün muxtar respublikamızda qızların idmanla məşğul olmaq imkanlarının artırılması ilə onların özünəinam hisslərini yüksəltmək üçün bütün mümkün imkanlar yaradılıb. Tarix sübut edib ki, Naxçıvanda zərif cinsin nümayəndələrinin oğlanlarla bərabər idman fəaliyyətinə cəlb edilməsi gender bərabərliyinin təmin olunmasının mühüm göstəricisi hesab edilməlidir. Etiraf edək ki, qızların idmanla məşğul olmaları gələcəkdə onların ailələrində tərbiyə olunacaq uşaqların da idman məşğələlərinə cəlb edilməsinə əhəmiyyətli təsir göstərəcək. Ümumiyyətlə, idman sahəsi qadınların əmək məşğulluğu üçün geniş imkanlar açır. Qadınların peşəkar idman fəaliyyəti ilə məşğul olmaları insan iradəsinin bəzən fizioloji xüsusiyyətləri belə, aşmağa qadir olduğunu bir daha sübut edir.
Bu gün muxtar respublikada fiziki imkanları məhdud şəxslərin sağlamlığının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, onlar arasından istedadlı idmançıların aşkara çıxarılması məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Naxçıvanda sağlamlıq imkanları məhdud idmançıların məşq etmələri üçün boccia, stolüstü tennis, qolbol, üzgüçülük və ağırlıqqaldırma bölmələri fəaliyyət göstərir. Dövlət proqramında isə belə şəxslərin idman vasitəsilə reabilitasiyası üçün maarifləndirici tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.
Heç şübhəsiz ki, yeni dövlət proqramı idmanın inkişafında yeni mərhələnin əsasını qoyacaq, idman hərəkatının idarə olunması prosesini təkmilləşdirəcək, bu sahə üzrə qurumların sayı artırılacaqdır. Həmçinin bu sahəyə investisiya qoyuluşuna özəl təşkilatların daha çox cəlb edilməsi, sponsorluq fəaliyyətinin genişləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, pullu xidmət növlərinin inkişaf etdirilməsinə də zəmin yaradacaq. Bu isə muxtar respublika iqtisadiyyatının və turizm potensialının artmasına da öz müsbət təsirini qısa vaxt ərzində göstərəcək.

Ceyhun MƏMMƏDOV

Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.