Beynəlxalq turnirlərin hegemonları

Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara göstərilən diqqət və qayğı göz qabağındadır. Bu sahənin bütün növlərində idmançılarımızın qazandıqları uğurlar ildən ilə artmaqdadır. Buna şahmatçılarımızın son zamanlar əldə etdikləri nailiyyətlər bariz nümunədir. Bu günlərdə Türkiyə Respublikasının Bitlis şəhərində Beynəlxalq Şahmat Turniri başa çatıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuş yarışda muxtar respublikamızın 9 şahmatçısı öz qüvvəsini sınayıb. “A” və “B” qruplarında keçirilən beynəlxalq turnirdə təmsilçilərimiz uğurlu nəticələr əldə ediblər. Belə ki, “B” qrupunda mübarizə aparan şahmatçımız Sadiq Məmmədov öz qrupunun qalibi olub. Digər şahmatçımız Zahir Allahverdiyev isə 7 yaşlı şahmatçılar arasında turnir cədvəlini ilk pillədə başa vurub. Mükafata layiq görülmüş şahmatçılarımız kubok və medallarla təltif ediliblər.

Bu, muxtar respublika şahmat məktəbinin cari ildə ilk belə uğuru deyil. 2013-cü ili şahmatçılarımız üçün uğurlu hesab etmək olar. Cari ildə şahmatçılarımız 8 ölkədaxili və 8 xarici ölkədə keçirilən turnirlərdə qüvvələrini sınamaqla nəyə qadir olduqlarını nümayiş etdiriblər. Təbii ki, onlar bu yarışlardan muxtar respublikaya əliboş qayıtmayıblar.

Avropa çempionu yetirmiş mərkəz

Yuxarıda da qeyd etdiyimiz kimi, Naxçıvan şahmatçıları üçün 2013-cü il uğurlu olub. Zəka sahiblərimiz iştirak etdikləri 15-dən artıq turnirdə (bura həmçinin beynəlxalq turnirlər də daxildir) 30-dan çox mükafata layiq görülüblər. Bu ilin 21 aprel-2 may tarixlərində Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında 60 şahmatçımız iştirak edib. Onlar 16 ölkədən 31 qrossmeyster, 13 beynəlxalq usta və 9 FİDE ustası arasında 14 mükafat qazanıblar. Elə həmin turnirdə mərkəzin iki üzvü – Emin Hacıyev və Hüseyn Əliyev respublika dərəcəli hakim adını alıblar. E.Hacıyevdən söz düşmüşkən, o, 12-23 iyul tarixlərində Balakəndə keçirilən Respublika Şahmat Olimpiadasında (seminarda) iştirak edib və FİDE arbiter normasını ödəyib. Adıçəkilən olimpiadada Naxçıvan 9 idmançı ilə təmsil olunub və şahmatçılar uğurlu nəticələrlə muxtar respublikaya qayıdıblar. Belə ki, 14 yaşlı Pərviz Qasımov və 10 yaşlı Sadiq Məmmədov çempion adını qazanmağa müvəffəq olublar.
Ölkədən kənarda keçirilən beynəlxalq turnirlərdə isə 11 yaşlı şahmatçımız Rauf Murtuzovun uğurlu çıxışı diqqəti cəlb edir. R.Murtuzov 20-28 iyun tarixlərində Serbiyanın Novi Sad şəhərində məktəblilər arasında keçirilən Avropa çempionatında çempion adına layiq görülməklə bayrağımızı ən uca zirvədə dalğalandırıb. O həmçinin Danimarka (8-14 may) və İspaniyada (Barselonada – 22-31 avqust) keçirilən beynəlxalq turnirlərdə uğurlu çıxış edərək reytinqini 19 pillə artıra bilib.

Növbəti turnirlər və düşüncələr

Şahmatçılarımız Türkiyə Respublikasının Bitlis şəhərində Beynəlxalq Şahmat Turnirində uğurlu çıxış etdikdən sonra növbəti yarışların hazırlıqlarına start veriblər. Artıq zəka sahiblərimizi növbəti həftə daha bir böyük turnir gözləyir. 9-17 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində “Nona Qaprindaşvili CUP-2013” Beynəlxalq Turniri keçiriləcək və Naxçıvan idmançıları da burada öz qüvvələrini sınayacaqlar. Bu yarışdan dərhal sonra isə zəka sahiblərimizi Bakıda “Baku Open-2013” (18-28 sentyabr) Beynəlxalq Turniri gözləyir.
Türkiyədə uğurla çıxış etmiş şahmatçılarımızın növbəti turnirlərə necə hazırlaşdığı və geridə qalan yarışlarda nələr baş verdiyini öyrənmək üçün Şahmat Mərkəzinə yollandıq. Balakəndə keçirilən olimpiadanın qalibi olan Pərviz Qasımov Bitlisdəki turnirdə bir qədər inamsız təsır bağışlayıb: “Bu turniri özüm üçün uğursuz hesab edirəm. “B” qrupunda mübarizə aparırdım və qrupu 4-cü pillədə başa vurdum. Bir qədər arxayınlıq yaranmışdı. Məhz uğursuz çıxışı bununla əlaqələndirə bilərəm. İndi qarşıdakı yarışlara daha ciddi hazırlaşıb bu uğursuzluğu unutdurmağa çalışacağam”.
Urfan Sevdimalıyev isə “A” qrupunda 104 iştirakçı arasında mükafatçılar siyahısına düşməyi bacarıb: “Bu turnirdə ən çətin görüşümü gürcü şahmatçısı, FİDE ustası Georgi Boquturova qarşı keçirdim və məğlub oldum. Buna baxmayaraq, turnirdə uğurla çıxış etdiyimi düşünürəm”. Qeyd edək ki, Türkiyənin “Qaziantep” klubu Urfan Sevdimalıyevə iş təklifi edib.
Naxçıvan şahmat məktəbini təmsil edən digər idmançımız Tural Zeynalov daha çox öz tələbəsi – 6 yaşlı Zahid Allahverdiyevin uğuru ilə öyünə bilər. Belə ki, Zahid Allahverdiyev keçirilən turnirin qalibi olub.

Ceyhun MƏMMƏDOV