Naxçıvan Muxtar Respublikası Stadionunun inzibati binasında Boks Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı olub.

Yığıncağı giriş sözü ilə açan federasiyanın sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində bütün sahələr kimi, bədən tərbiyəsi və idman da inkişaf etməkdədir. Diyarımızda beynəlxalq yarışların keçirilməsi, idmançılara və məşqçilərə müxtəlif mükafat və adların verilməsi Naxçıvanda idmana və idmançılara göstərilən diqqətin bariz nümunəsidir. Həmin siyahıda Boks Federasiyasının məşqçi-müəllimlərinin və idmançılarının da adlarının olması muxtar respublikada bu idman növünün inkişafı və kütləviliyinə nail olunmasının göstəricisidir.
Sonra Məmmədcəfər Əliyevin 2019-cu ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilib. Bildirilib ki, ötən il federasiyanın nəzdində fəaliyyət göstərən qrupların sayı 37, idmançıların sayı isə 500-ə yaxın olub.
Qeyd edilib ki, boksçularımız il ərzində 26 müxtəlif idman tədbirində iştirak ediblər. Onlar Azərbaycan çempionatları və beynəlxalq yarışlardan, ümumilikdə, 12 medal qazanıblar ki, bunların da 4-ü qızıl, 4-ü gümüş, 4-ü isə bürüncdür.
Sonra Şərur və Kəngərli rayon boks bölmələrinin məşqçiləri Rasim İsgəndərovun və Elşən Qubuşovun çıxışları dinlənilib.
Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında vurğulayıb ki, muxtar respublikamızda idman və idmançılara hərtərəfli dövlət qayğısı nəticəsində gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Nazirlik bu məqsədlə muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimlənməsini həyata keçirir. Boks idman növü ötən il muxtar respublikanın idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olub. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Boks Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi üçün çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, il ərzində bu idman növü üzrə bir muxtar respublika səviyyəli birincilik, 6 Naxçıvan şəhər, 4 rayon birinciliyi, 2 yoldaşlıq görüşü təşkil edilib. Nazirliyin və federasiyanın birgə fəaliyyəti nəticəsində idmançıların muxtar respublikadan kənarda keçirilən yarışlarda da iştirakları təmin olunub. Nəticədə, idmançılar ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış ediblər.
Yığıncaqda Boks Federasiyası tərəfindən tərtib olunan “Boks, brek, stop” adlı kitabın da təqdimatı olub.
Sonra il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.
Yığıncağa yekun vuran Gənclər və İdman nazirinin müavini məşqçi-müəllimlər və idmançılar adından yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.


- Ceyhun MƏMMƏDOV