Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan federasiya sədri Rövşən Məmmədov qeyd edib ki, 2019-cu ildə idmançılar 3 beynəlxalq, 3 ölkə, 3 muxtar respublika əhəmiyyətli və 13 rayon birinciliyində öz güclərini sınayıblar. Ötən il ərzində federasiyanın tərkibində “Rabitəçi” və “Marafon” idman klubları da daxil olmaqla, 84 qrup fəaliyyət göstərib. Qrup məşqlərində və yarışlarda iştirak edən idmançıların sayı 1208 nəfər olub ki, bunların 579-nu qızlar, 639-nu isə oğlanlar təşkil edib.

Diqqətə çatdırılıb ki, Gənclər və İdman Nazirliyi tərəfindən federasiyanın idmançısı Əmrah Nağıyevə “İlin ən yaxşı idmançısı” mükafatı təqdim edilib. Uğurlarla yanaşı, federasiyanın işində nöqsanlar da az deyil, bu nöqsanların aradan qaldırılması istiqamətində işlər gücləndirilməlidir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Yüngül Atletika Federasiyası da 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikada bu idman növünün inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, artıq bu gün Naxçıvanda yüngül atletikanın 244 qrupu fəaliyyət göstərir ki, bu qruplarda 3508 nəfər idmanın bu növü ilə məşğul olur. Geridə qoyduğumuz ildə federasiya idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda 10 medal qazanıblar.
Gənclər və İdman naziri çıxışının sonunda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra çıxışlar olub.

*  *  *

Basketbol Federasiyasında keçirilən yığıncaqda çıxış edən federasiyanın sədr müavini Turan Həsənov qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla, ümumilikdə, 12 komanda fəaliyyət göstərir. Ötən il federasiyanın nümayəndələri şəhər və rayonlarda məşqçilərin fəaliyyəti ilə mütəmadi maraqlanıb, idmançıların tələb və təklifləri dinlənilib, qruplar idman ləvazimatları ilə təmin ediliblər. Hazırda həmin qruplarda 200-dən artıq idmançı idmanın bu növü ilə məşğul olur.
Vurğulanıb ki, cari ilin fevral ayından Naxçıvan şəhərində qızlardan ibarət daha bir komanda fəaliyyətə başlayacaqdır. Verilən tapşırıqlara əsasən Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsi, yeniyetmə və gənc­lərin idmana cəlb olunması və yarışların kütləviliyinin artırılmasını daim diqqətdə saxlayacaq.
Yığıncaqda çıxış edən Gənclər və İdman nazirinin müavini Məcid Seyidov vurğulayıb ki, Basketbol Federasiyası 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda, ümumilikdə, 2256 idmançı 176 qrupda bu idman növü ilə məşğuldur.
Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.

 Ceyhun MƏMMƏDOV