Türkiyədəki təlim-məşq toplanışı komandaya nə qazandırdı?

Cari mövsümdə birinci divizionda oynayacaq “Araz-Naxçıvan” futbol komandası Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında növbəti yoldaşlıq görüşünü keçirib. Əsgər Abdullayevin yetirmələri bu dəfə “Rize Kalkandere­spor”u sınağa çəkiblər. Bundan öncəki matçını da qələbə ilə başa vuran qırmızı-ağlar stadionu yenə qələbə ilə tərk ediblər.

Dəyişən rəqiblər

Ümumiyyətlə, birinci divizionda çıxış edən komandaların yeni mövsüm öncəsi hazırlıqlarını ölkədən kənarda davam etdirmələri nadir hallardan biridir. Bu ənənəyə, adətən, “Neftçala”, “Qaradağ-Lökbatan” sadiq qalsa da, digər klublarımız maliyyə imkanlarını əsas götürərək ölkədən kənarda təlim-məşq toplanışı keçirməyi düşünməyiblər. Lakin yeni formalaşan “Araz-Naxçıvan”a göstərilən qayğı təlim-məşq toplanışında da özünü açıq şəkildə büruzə verməkdədir. Naxçıvan təmsilçisi yeni mövsümə iddialı hazırlaşmaq üçün avqust ayının 26-da Ərzuruma yollandı. Öncədən planlaşdırıldığı kimi, qırmızı-ağlar qonşu ölkədə iki yoldaşlıq görüşü keçirməli idi. Bununla Əsgər Abdullayev mövsümün başlamasına az bir müddət qalmış futbolçuların fiziki durumu, oyun təcrübəsi və onların mövsümə necə hazır olduqlarını yoxlamaq şansı əldə etdi.

 

Hər iki görüşün lideri “Araz-Naxçıvan” oldu

Yoxlama oyunlarında “Araz-Naxçıvan”ın ilk rəqibi “Ərzurum BB” olmalı idi. Ancaq bəzi səbəblərə görə Əsgər Abdullayevin komandasının sparrinq-rəqibi Türkiyənin bölgələr üzrə birinci qrupunda mübarizə aparan “Yakutiya­spor” oldu. 55-ci dəqiqədə Rəhman Musayev, 64-cü dəqiqədə isə Aleksandr Kurts­keviçin qolları “Araz-Naxçıvan”a 0:2 hesablı ilk qələbəsini qazandırdı.
İlk matçdan fərqli olaraq, Əsgər Abdullayev ikinci yoxlama görüşündə yetirmələrinin nəyə qadir olduğunu yoxlamaq üçün əsas heyəti meydana buraxmışdı. Ərzurum şəhərində təlim-məşq toplanışının başa çatmasına bir gün qalmış yenə Türkiyənin bölgələr üzrə birinci qrupunda mübarizə aparan “Rize Kalkandere­spor” Naxçıvan təmsilçisinin rəqibi oldu. Birinci yoxlama görüşündən fərqli olaraq, bu dəfə “Araz-Naxçıvan” oyuna daha sürətli başladı. Ard-arda təşkil olunan hücumlar artıq 3-cü dəqiqədə öz bəhrəsini verdi. Naxçıvan təmsilçisinin müdafiəçisi Əlimirzə Daşzərini 35 metr məsafədən mükəmməl zərbə ilə hesabı açdı. Bu qol həm də komandamızın daha çox irəli atılmasına zəmin yaratdı. Qoldan ruhlanan “Araz-Naxçıvan” futbolçuları rəqib qapısı önündə “lövbər” salmağa başladılar. Artıq daha çox uzaqdan zərbələrə üstünlük verən komandamız 37-ci dəqiqədə rəqibi yenidən mərkəzə dəvət etdi. Bu dəfə də Əlimirzə Daşzərini uzaqdan necə dəqiq zərbələrə malik olduğunu nümayiş etdirdi. Onun 25 metr məsafədən zərbə ilə vurduğu top qapıçı üçün əlçatmaz oldu. Bununla, “AZAL”-ın keçmiş futbolçusu Naxçıvan klubunda ilk dubluna imza atdı.
Oyunun ikinci hissəsində Əsgər Abdullayev daha çox digər futbolçuları sınaqdan keçirmək niyyətində oldu. Demək olar ki, oyunçuların çoxunu dəyişən tanınmış mütəxəssis həm də digər futbolçuların mövsümə hazır olub-olmadığına şahidlik etdi. Oyunun ikinci hissəsində tablodakı hesab dəyişmədi.
Bununla, “Araz-Naxçıvan” Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışında iki yoxlama görüşü keçirdi və hər ikisində qələbə qazandı. Bir faktı da qeyd edək ki, komandamız keçirdiyi hər iki matçda qapısının toxunulmazlığını qoruya bildi.

Oyundan sonra...

Hüseyn Məhəmmədov (“Ar­az­-Naxçıvan”ın qapıçısı): “Oyun haqda onu deyə bilərəm ki, rəqibimiz çox güclü oyun nüma­- yiş etdirdi. Futbolçularımız yaxşı əzmkar­lıq göstərdi və çətin də olsa, qələbə qazandıq. Komandamız hələ yeni yaranıb və formalaşmaqdadır. Türkiyədəki təlim-məşq bir daha onu göstərdi ki, komandamıza böyük qayğı göstərilir və “Araz-Naxçıvan” çempionatda iddialıdır.
Mikayıl Rəhimov (“Araz-Naxçıvan”ın müdafiəçisi): “Oyun çox yaxşı keçdi. Futbolçularımız sonadək əllərindən gələni etdilər ki, oyundan qalib ayrılaq. İnşallah, çempionatda da qələbələr qazanıb, yüksək liqaya vəsiqəni təmin edərik”.
Əlimirzə Daşzərini (“Araz-Naxçıvan”ın müdafiəçisi): “Görüş çox maraqlı keçdi. Üstünlük oyun boyu bizdə idi. Komandamız kollektiv oyun nümayiş etdirib qələbə qazandı. Bu qələbələrin ardı gələcək”.
Rəhman Musayev (“Araz-Naxçıvan”ın hücumçusu): “Hər iki oyunda qələbə qazandıq. Bu matçda ehtiyatda olan oyunçular sonradan meydana girərək nəyə qadir olduqlarını göstərdilər və komandanın qələbəsi üçün əllərindən gələni etdilər”.

Ceyhun MƏMMƏDOV