Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə hakimliklə bağlı seminar keçirilib.

Region Liqası Naxçıvan zonasındakı 4-cü turun ilk matçının ardından AFFA Hakimlər Komitəsinin üzvü, FİFA referisi Vüsal Əliyevin iştirakı ilə reallaşan seminar futbol hakimlərinin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb. Naxçıvanda təşkil olunan yeni hakimlik kurslarının iştirakçıları və hakimlik fəaliyyəti ilə məşğul olan ədalət təmsilçilərinin qatıldığı seminarda elektron lövhə vasitəsilə mübahisəli epizodların analiz və müzakirəsi aparılıb. Vüsal Əliyev hakimlərin idarəçiliyi ilə bağlı irad və tövsiyələrini bildirib. Futbolda tətbiq olunan yeni oyun qaydaları da seminarın əsas mövzularından olub. İştirakçıların sual­larını cavablandıran mütəxəssis beynəlxalq təcrübəyə əsaslanan fikirlərini diqqətə çatdırıb.
AFFA Hakimlər Komitəsinin üzvü, FİFA referisi Vüsal Əliyev “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Uzun müddətdən sonra Naxçıvan futbolunda canlanma görmək, burada uşaq futbolunun, futzalın yaradılması muxtar respublikada idman sahəsində aparılan uğurlu siyasətin nəticəsidir. Sevindirici haldır ki, bu gün Naxçıvanın şəhər və rayonlarında komandalar tam olaraq formalaşıb, onlar heyətlərində daha çox gənc oyunçulara üstünlük verirlər. Bununla yanaşı, hakim briqadalarının artırılması bizi çox sevindirir. Hazırda Naxçıvanda 30-a yaxın hakim var və onlara Azərbaycan Futbol Federasiyaları Assosiasiyası nəzarət edir. Keçiriləcək hər oyundan öncə təyinatlar açıqlanır və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə oyunlar keçirilir. Qarşıdakı aylarda hakimlərin sayının artırılacağını deyə bilərəm. Daha çox istedadlı və futbola marağı olan, bu sahəni bilən gənclərimizi hakimliyə dəvət edirik. Onlar üçün kurslar, seminarlar təşkil olunur. Seminarların təşkil olunmasında məqsəd isə hakimlərin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Eyni zamanda burada oyunları izləyir, hakimlərin idarə etdikləri oyunları müzakirə edirik. Bu işlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyası ilə birgə davam etdiriləcəkdir”.

Ceyhun MƏMMƏDOV