Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Naxçıvan Dövlət Universiteti ilə Culfa rayon komandaları arasında keçirilən yoldaşlıq görüşü başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi Aparatının məsləhətçisi, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev, Naxçıvan Dövlət Universitetinin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oktay Rzayev çıxış edərək komandalara uğurlar arzulayıblar. Sonra komandalar qüvvələrini sınayıblar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, voleybol idman növünə marağı artır­maq və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyıb. Yoldaşlıq görüşü Naxçıvan Dövlət Universiteti komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim olunub.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti