Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə süni divara dırmanma üzrə muxtar respublika çempionatı keçirilib.

9 Noyabr – Bayraq Gününə həsr edilən birincilikdə muxtar respublikanın şəhər və rayon komandaları mübarizə aparıblar. Birincilik şəxsi və komanda yarışlarından ibarət olub.
Birinciliyin yekun nəticəsinə əsasən komanda yarışlarında Naxçıvan şəhər komandası bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb. Sədərək və Şərur komandaları isə müvafiq olaraq ikinci və üçüncü olublar.
Şəxsi yarışlarda Şərur rayon təmsilçisi Dolxan Ələkbərov hamıdan güclü olub. Elnur Məmmədxanov (Ordubad) və Yasin Əliyev (Sədərək) birinciliyi ikinci və üçüncü pillədə başa vurublar.
Sonda qaliblər mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV