Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə futbol üzrə 18-ci Naxçıvan Muxtar Respublika çempionatına start verilib.

Naxçıvan Muxtar Respublika Stadionunda ilk olaraq Mərkəz zonanın birinci turunun oyunları keçirilib. Püşkatmaya əsasən ilk görüşdə meydana “Əlincə” (Culfa) və “Batabat” (Şahbuz) komandaları çıxıb. Görüş birincilərin böyük­hesablı qələbəsi ilə başa çatıb – 13:0. İkinci görüşdə isə “Dübəndi” (Ordubad) komandası Babəkin eyni­adlı komandasını sınağa çəkib. Gərgin keçən oyun ordubadlıların qələbəsi ilə başa çatıb – 3:2.
Bu gün çempionatda daha iki ­görüş keçiriləcək. Belə ki, Qərb zonada Naxçıvan Dövlət Universiteti (NDU) “Arpaçay”la, “Kəngərli” isə “Sədərək”lə qarşılaşacaq. Hər iki görüş Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, yeni qaydalara əsasən çempionat iki zona – Mərkəz və Qərb zonaları üzrə keçirilir. 3 və 5 dövrədən ibarət olacaq çempionatın sonunda turnir cədvəlində 1 və 2-ci yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Burada qalib olan komanda isə muxtar respublikanı Azərbaycan Region Liqasında təmsil edəcək.

 Ceyhun MƏMMƏDOV