Xəbər verdiyimiz kimi, şahmatçılarımız Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbovun rəhbərliyi ilə Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında iştirak ediblər. Azərbaycan komandası olimpiadanın qalibi olub. Komandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüblər. Yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə ­qoyub.

Şahmatçılarımız yarışın təntənəli bağlanış mərasiminə milli geyimdə qatılıblar. Komanda üzvlərinə və baş məşqçi Fərid Abbasova qızıl medal və çempion üçün hazırlanan kubok təqdim olunub.
Mükafatlandırma mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim şahmatçılarımızı tarixi qələbə münasibətilə təbrik edib. Sonra şahmatçılarımızın şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti