Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçular arasında ilk dəfə olaraq Naxçıvanda beynəlxalq turnirə start verilib.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvan Kuboku-95” turnirində Özbəkistan Respublikasının “Qaraqalpaqıstan” və “Əndican” futbol akademiyaları, Azərbaycanın “Qarabağ” və “Rekord” komandaları ilə Naxçıvanın əsas komandası mübarizə aparır.
Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması ilə əlamətdar olan turnirin keçirilməsində məqsəd Naxçıvanda futbolun kütləviliyinə və inkişafına nail olmaq, uşaq futbolçuları arasında dostluq münasibətlərini yaratmaqdır.
Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirilən beynəlxalq turnirdə komandalar dairəvi sistem üzrə mübarizə aparırlar. Son turdan sonra ən çox xal toplamış komanda turnirin qalibi olacaq. Əsasnaməyə uyğun olaraq hər turda bir komanda istirahət edir. Gün ərzində isə azarkeşlər iki oyuna şahidlik edəcəklər. Təqvimə əsasən turnirin ilk 4 turu kompleksin stadionunda oynanılacaq. Son turun oyunları isə Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.
Artıq turnirdə ilk turun oyunları keçirilib. Belə ki, azarkeşlər birinci oyunda özbək derbisinə şahidlik ediblər. “Qaraqalpaqıstan” və “Əndican” futbol akademiyalarının görüşü gözləniləndən də gərgin mübarizə şəraitində keçib. İlk 10 dəqiqədə üç qolun şahidi olan azarkeşlər, ikinci hissədə daha bolqollu oyun izləyiblər. “Əndican” komandasının futbolçuları meydanı 4:2 hesablı qələbə ilə tərk ediblər.
Günün ikinci oyununda meydanda Naxçıvan təmsilçisi “Rekord” komandasının futbolçularını sınağa çəkib. İlk hissədə qonaqlar cərimə zərbəsindən vurduqları qolla hesabı açıblar. Lakin ikinci hissədə oyunun gedişində təşəbbüsü ələ alan naxçıvanlı futbolçular “status-kvo”nu bərpa ediblər. Bu oyunda vurulan son qol olmayıb. Görüşün başa çatmasına 3 dəqiqə qalmış rəqibi daha bir dəfə mərkəzə dəvət edən komandamız turnirin ilk turunu 3 xalla başa vurub – 2:1.
Bu gün turnirdə daha iki oyun keçiriləcək. Əvvəlcə, meydana “Rekord” və “Əndican” komandaları çıxacaq. Saat 1300-də başlayacaq görüşdə isə “Qarabağ” – “Qaraqalpaqıstan” komandasını sınağa çəkəcək.
Qeyd edək ki, turnirə oktyabr ayının 18-də yekun vurulacaq və qaliblər təşkilatçılar tərəfindən kubok və medalla mükafatlandırılacaqlar.

Ceyhun MƏMMƏDOV