Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.

Birhəftəlik toplanışda 24 futbolçu iştirak edir. Naxçıvanın ev sahibliyi edəcəyi beynəlxalq turnirə hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına NFF-nin böyük məşqçisi Əsgər Abdullayev rəhbərlik edir. Federasiyanın gələcək inkişaf strategiyası üçün müəyyən olunan proqramda uşaq futboluna xüsusi önəm verildiyindən təcrübəli mütəxəssis “Araz-Naxçıvan”la yanaşı, azyaşlı futbolçularla da çalışır. Təlim-məşq toplanışında Naxçıvan yığma komandasının məşqçilər heyəti də iştirak edir. Futbolçuların sağlam şəkildə qidalanması və gündəlik rejim normalarına riayət etmələrinə diqqətlə yanaşılır.

Gün ərzində iki dəfə məşq prosesi keçən komanda Əsgər Abdulla­yevin nəzəri məşğələlərində də iştirak edir. Oyun sistemini futbolçulara aşılamağa çalışan böyük məşqçi meydanda yarana biləcək müxtəlif epizodlar zamanı mümkün çıxış yollarını izah edir, hücum həmlələri və taktiki gedişlər barədə onları məlumatlandırır. Futbolçuların motivasiyasını yüksəldə biləcək əyləncəli oyunlar keçirilir, psixoloji söhbətlər aparılır, məşq proseslərində rəqabət atmosferi yaradılır.
Təlim-məşq toplanışının məqsədi 13-14 yaşlı futbolçular arasında ilk dəfə olaraq təşkil olunacaq “Naxçıvan kuboku – 95” turnirinə hazırlıqdır. Artıq turnirin keçirilmə vaxtı və məkanı bəllidir. Belə ki, oktyabrın 14-də başlayacaq turnirə ayın 18-də yekun vurulacaq. Turnirdə 6 komandanın iştirakı nəzərdə tutulub. Azərbaycan komandaları ilə yanaşı, bəzi ölkələrin də komandalarının mübarizə aparacağı ilk turnirdə qonaqlar muxtar respublikamıza bir gün əvvəl – oktyabr ayının 13-də gələcəklər. Şərur Olimpiya İdman Kompleksində yerləşəcək komandalar ilk iki turun oyunlarını kompleksin stadionunda oynayacaqlar. Digər oyunlar isə Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

 Ceyhun MƏMMƏDOV