Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Basketbol Federasiyasının tədbirlər planına uyğun olaraq, “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan Türk Liseyinin idman zalında basketbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. “Naxçıvan-1” və “Naxçıvan-2” komandaları arasında keçirilən yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov çıxış edərək görüşün idmanın kütləviliyinə nail olmaq və idmançıların ustalıq səviyyəsini yüksəltmək məqsədi daşıdığını bildirmişdir. Maraqlı keçən yarış “Naxçıvan-1” komandasının 61:49 hesablı qələbəsi ilə başa çatmışdır. Fərqlənən idmançılara fəxri fərmanlar və xatirə hədiyyələri verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti