Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) uşaq futbolu ilə bağlı layihəsi – “Grassroots” pro­qramına əsasən ölkə ərazisində “kütləvi futbol həftəsi” və eyni zamanda proqrama daxil olan “Futboldan həzz al” layihəsi reallaşıb.

Kütləvi futbol həftəsi paytaxt Bakı və bölgələrlə yanaşı, ilk dəfə olaraq Naxçıvanı da əhatə edib. Məhz bu layihə çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublika stadionunda 100-dək məktəblinin iştirakı ilə futbol festivalı keçirilib.
Meydanın müxtəlif hissələrində ayrılan, maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.
Sonda hər bir məktəbliyə layihəni əks etdirən geyim və toplar hədiyyə olunub.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzini təbliğ etməkdir.

Naxçıvan Futbol Federasiyasının
mətbuat xidməti