Yenidən böyük futbola qayıdan “Araz” komandası ilk dəfə azarkeşlərinin önünə çıxıb. Muxtar respublika təmsilçisi yoldaşlıq görüşünü təlim-məşq üçün toplaşdığı Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirib. “Qırmızı-ağlar”ın rəqibi isə Naxçıvan Dövlət Universitetinin eyniadlı komandası olub.
Birinci diviziona iddialı hazırlaşan Əsgər Abdullayevin yetirmələri bu matçda nəyə qadir olduqlarını nümayiş etdiriblər. Bütün futbolçuları sınaqdan keçirən Ə.Abdulla­yevin rəhbərlik etdiyi komanda onu məyus etməyib. 6:0 hesablı qələbə qazanan “Araz”da daha çox təcrübəli və ümid bəslənilən oyunçular etimadı doğruldublar. Belə ki, komandanın yeganə gürcü legioneri David Canalidze ilə hesabı açan Naxçıvan klubu daha sonra Rəhman Musayev və Emin İmaməliyevin qolları sayəsində hesab arasındakı fərqi yüksəldiblər. Hər iki təcrübəli futbolçu bu matçda dubl edib. Ötən mövsüm Premyer-Liqada “Rəvan”ın şərəfini qoruyan Mikayıl Rəhimov yeni komandasında da qol vurmağa müvəffəq olub.
Qeyd edək ki, “Araz” növbəti yoxlama oyununu avqustun 13-də “Neftçala” komandasına qarşı keçirəcək. Görüş İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda baş tutacaq.

Ceyhun MƏMMƏDOV