Naxçıvan Muxtar Respublikasının kənd­lərində futbolun inkişafı üçün əlverişli şəraitin olması, o cümlədən yeni stadionların yaradılması nəzərə alınaraq Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərinə start verilib.
Oyunlar dövrə sistemi olmaqla, Naxçıvan şəhəri üzrə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin mini-stadionunda, Şərur rayonu üzrə Aşağı Daşarx, Mahmudkənd və Aralıq kənd stadionlarında, Babək rayonu üzrə Vayxır kənd stadionunda, Ordubad rayonu üzrə Vənənd, Kələntərdizə kənd stadionları və Ordubad şəhər stadionunda, Culfa rayonu üzrə Culfa Şəhər Mərkəzi Stadionu, Bənəniyar, Göydərə, Ərəzin kənd stadionlarında, Şahbuz rayonu üzrə Şahbuz şəhər stadionu, Kolanı kənd və Şahbuzkənd stadionlarında, Kəngərli rayonu üzrə Kəngərli Rayon Mərkəzi Stadionunda, Sədərək rayonu üzrə isə qəsəbə mini-stadionu olmaqla, muxtar respublika üzrə 17 stadionda təşkil edilir.
Yarışlarda Naxçıvan şəhəri üzrə 4, Şərur rayonu üzrə 19, Babək rayonu üzrə 8, Ordubad rayonu üzrə 8, Culfa rayonu üzrə 8, Kəngərli rayonu üzrə 8, Şahbuz rayonu üzrə 8, Sədərək rayonu üzrə 8 olmaqla, ümumilikdə, 71 kəndin futbol komandası şəhər və rayon üzrə birincilik uğrunda mübarizə aparırlar.

Artıq birincilikdə ilk turun oyunları keçirilib. Naxçıvan şəhəri üzrə Qaraçuq və Bulqan kənd komandaları arasında görüş birincilərin 8:2 hesablı qələbəsi ilə başa çatıb. Şərur rayonu üzrə keçirilən görüşdə İbadulla kənd komandası Qarxun kənd komandasını üstələyib – 6:2. Babək rayonu üzrə Vayxır kənd stadionunda keçirilən oyunda Vayxır kənd komandası babəkli həmkarlarına 3:0 hesabı ilə məğlub olub. Ordubad rayonunda Vənənd və Dırnıs kənd komandaları qarşılaşıb və görüş birincilərin qələbəsi ilə yekunlaşıb – 3:0. Şahbuz rayonunda Şahbuz şəhər və Aşağı Qışlaq kənd komandaları, Sədərək rayonunda Sədərək və Heydər­abad qəsəbə komandaları, Kəngərli rayonunda isə Böyükdüz və Yurdçu kənd komandaları üz-üzə gəliblər. Hər üç ­görüşdə birincilər eyni hesabla qalib gəliblər – 6:2. Culfa rayonu üzrə Bənəniyar kənd komandası Əbrəqunus kənd komandasından üstün olub – 3:2.

Ceyhun MƏMMƏDOV