Yeni mövsümdə birinci divizionda iştirak edəcək “Araz” futbol komandası məşqlərini davam etdirir. Komanda uzun müddət Şərur şəhərində təlim-məşq toplanışı keçdikdən sonra Bakıya yollanıb. Əsgər Abdullayevin yetirmələri yenidən muxtar respublikaya qayıdıblar. Onların burada yoldaşlıq oyunları keçirəcəyi bildirilir. Komandanın məskunlaşdığı Şərur Olimpiya İdman Kompleksinə yollandıq.

Peşəkar məşqçilər və...

Bütün infrastrukturlarla təmin edilmiş kompleksdə məşq etmək üçün hər cür şərait mövcuddur. Naxçıvan Muxtar Respublika Stadionunun təmir olunması ilə baş məşqçi Əsgər Abdullayev buranı seçib. Əslində, Ə.Abdullayev seçimində heç də yanılmayıb. Niyəsinə gəlincə, uzun illər futbolsuz qalan Naxçıvanda formalaşan yeni komanda üçün bu şəraitin yaradılacağı gözlənilən idi.

Kompleks, demək olar ki, istənilən komandanı qəbul etməyə hazırdır və bura təlim-məşq toplanışı keçirmək üçün ideal vəziyyətdədir. Rayonun ən böyük idman strukturlarından biri kimi göstərilən Olimpiya İdman Kompleksində stadionun qazonu, oturacaqların vəziyyəti müasir standartlara cavab verir. Daha çox güllərlə bəzədilmiş kompleksin ərazisi 9 hektardır. Bunun da 4 hektarını məhz gülkarlıq təşkil edir. Şərur Olimpiya İdman Kompleksinin açılışı 2009-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilib və rayon idmançılarının istifadəsinə verilib. 
Bəs Şərur Olimpiya İdman Kompleksində hansı idman növləri ilə məşğul olmaq olar? Sualımıza kompleksin direktoru Rza Camalov belə cavab verdi: “Hazırda kompleksin daxilində basketbol, voleybol, əl topu, güləş, ağır atletika, trenajor və boksla məşğul olmaq olar. İdman meydançamızda isə futbol və futzal, həmçinin basketbol, tennis oyunları üçün bütün şərait yaradılıb. Kompleksdə üzgüçülüklə də məşğul olmaq mümkündür. Sadaladığımız bu idman növlərində peşəkar mütəxəssislərin çalışdığını da vurğulamaq istərdim. Məşqçilərin nəzarəti altında müntəzəm olaraq məşqlər aparılır”.

... futbolu gözləyən azarkeşlər

Qeyd etdiyimiz kimi, formalaşan “Araz” futbol komandası təlim-məşq toplanışlarını burada keçirir. Uzun illər Naxçıvan idmanı üçün çalışan Rza Camalovun “Araz” haqda fikirləri də maraqlı oldu: “Ümumiyyətlə, Şərur rayonunda futbola olan maraq hələ uzun illər bundan öncəyə təsadüf edir və buranın çox yaxşı futbol ənənələri olub. Rayon çox istedadlı, güclü futbolçular yetişdirib. Demək olar ki, idmanın bütün növləri həmişə Şərur rayonunda yüksək səviyyədə olub. Hazır­da bizim kompleksdə gənclərdən ibarət 8 komanda məşq edir və AFFA-nın təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində yarışlar keçirilib. Bu yarışlarda komandalarımız təqdirəlayiq nəticələr əldə ediblər. Bunun nəticəsidir ki, “Araz”ın təlim-məşq toplanışları bura salınıb. Şərurda təcrübəli, istedadlı futbolçular var və hazırda onlardan 8-i “Araz”ın əsas heyətinə dəvət olunub”.
Rza Camalovdan izlədiyi məşqlərdən sonra “Araz”ın onda hansı təəssüratlar yaratdığını da öyrəndik. Direktorun fikrincə, Əsgər Abdullayev daha iddialı bir komanda formalaşdıracaq: “Davamlı olaraq izlədiyim məşqlər çox yüksək səviyyədə keçirilir. Hazırda komandanın tərkibində 18 futbolçu var. Səhər və axşam olmaqla, gündə iki dəfə məşq edirlər. Baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında uşaqlar məşqlərə can yandırırlar, eyni zamanda seçmə oyunlarda qüvvələrini sınayırlar”.

“İstəyərdim ki, oyunlar Şərur rayonunda keçirilsin”

Şərur Olimpiya İdman Kompleksində “Araz”ın oyunçularının qalmağı üçün də yüksək səviyyədə şərait vardır. Buradakı mehmanxana futbolçuların ixtiyarına verilib. Bir çox kompleksdən fərqli olaraq, burda futbolçuların qalması üçün kiçik nüanslar da göz önünə alınıb. Yəni oyunçuların istirahəti kompleks rəhbərliyinin diqqətindədir. Rza Camalov kompleksdəki şəraiti daha çox baş məşqçinin bəyəndiyini vurğuladı: “Əsgər müəllim elə bura gəldiyi gündən kompleksdə olan şəraitdən çox razı qaldı. Burda futbolçular üçün üzgüçülük hovuzunun, trenajor zalının olması, eyni zamanda mehmanxanadakı xidmət baş məşqçini sevindirməyə bilməzdi. Demək olar ki, futbolçuların formalaşdırılması üçün kompleksdə hər bir şəraitin olmasına görə onlar təlim-məşq üçün buranı seçiblər. Komandanın gələcəkdə də məşqlər keçmək üçün buranı seçəcəyi şübhəsizdir”.
Kompleksdəki arenada oyunların keçirilməsi üçün bütün şərait yaradılıb.
Direktorun fikrincə, Şərurda futbola maraq olduqca yüksəkdir: “İstəyərdim ki, oyunlar Şərur şəhərində keçirilsin. Səbəbi burda futbola yüksək dərəcədə marağın olmasıdır. Hazırda məşqlərdən də görünür, insanların, azarkeşlərin buna marağı çoxdur. Onlar gəlib məşqləri izləyirlər. Burada təkcə futbol üçün yox, digər idman növlərinin də inkişafı üçün lazımi şərait yaradılıb. Bu, özünü müsbət şəkildə büruzə verir. Ağır atletlərimiz, voleybol yığmalarında oynayan idmançılarımız burda qalıb təlim-məşq toplanışı keçirlər. Bu, bizim üçün fərəhli haldır. Sevindirici haldır ki, bu idman kompleksi məhsuldar fəaliyyət göstərir. Dövlətimizin qurduğu, yaratdığı bu bazadan səmərəli istifadə olunur”.

Ceyhun MƏMMƏDOV