İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klublarını, mərkəzlərini, Uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən olunması, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirmələri də iştirak ediblər.
17 yaşa qədər olan oğlanlar arasında mübarizə aparan Tərmenxan Babayev yenə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Belə ki, 89 kiloqram çəki dərəcəsində idmançımız, ümumilikdə, 323 kiloqram ağırlığın (146+177 kilo­qram) öhdəsindən gəlməyi bacarıb və qızıl medal qazanıb.
55 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançımız Gülcahan Əliyeva isə ümumilikdə, 90 kilo­qramı (37+53 kiloqram) ram edib və birinciliyin qalibi olub.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti