Dünən muxtar respublikanın Təhsil Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər, Babək və Şahbuz rayon ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən 50 müəllimə idmanın voleybol növü üzrə seminar keçirilib.
Seminarda Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev çıxış edərək idmana göstərilən dövlət qayğısından danışıb, Voleybol Federasiyasının Bakıdan dəvət etdiyi məşqçi tərəfindən fiziki tərbiyə müəllimləri üçün təşkil olunan seminarın məktəblərdə bu idman növünün inkişafına xidmət edəcəyini bildirib.
Seminarda Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının müavini Aydın Mirzəyev “Muxtar respublikada voleybol idman növünün inkişafı” mövzusunda çıxış edib. Sonra isə Bakıdan dəvət olunmuş voleybol üzrə yeniyetmələrdən ibarət ölkə yığma komandasının məşqçisi Xanlar Ələkbərov tərəfindən “Voleybol oyunu zamanı yeni taktiki-texniki qaydalar” mövzusunda seminara start verilib.
Seminarın nəzəri hissəsində məşqçi Xanlar Ələkbərov fiziki tərbiyə müəllimlərinə voleybol komandalarının formalaşdırılması qaydaları haqqında geniş məlumat verib. Voleybol oyununda qəbul edilmiş yeni qaydalara əsasən oyun zamanı texniki fasilələrin sayının azaldıldığı qeyd olunub.
Sonra məktəbin idman zalında yeni taktiki-texniki qaydalara uyğun nümunəvi dərs keçilib, oyunun müdafiə xəttinin gücləndirilməsi qaydaları, oyunçunun rolu və vəzifəsi haqqında müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti