Bu dəfə üz-üzə durub söhbət etdiyim dörd qəhrəmanımla, sadəcə, qələbədən danışırıq: bayrağımızın dalğalanmasından, himnimizi tarixi düşmənlərimizin belə, ayaq üstündə dinləməsindən, bir də işğalçılar üstündə çalınan qələbədən.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini, IV dan qara kəmər sahibi, dünya kubokunun qalibi Nəriman Quliyev, dünya çempionu Mirpaşa Kərimov, II dan qara kəmər sahibi, dünya kubokunun ikincisi İlkin Şirinov, dünya kubokunun üçüncüsü Xəzər Əliyev Ukraynanın Odessa şəhərində 18 ölkənin yığma komandalarının iştirakı ilə keçirilən karate idman növü üzrə VI dünya kuboku yarışlarında Azərbaycan milli yığma komandasının tərkibində çıxış ediblər. Təqdirəlayiq haldır ki, 40 nəfərlik milli yığma komandamızın tərkibinə qatılan 4 naxçıvanlı idmançının hamısı Vətənə medallarla qayıdıb.

40 saniyədə qələbə

Yarışlara Naxçıvanı təmsil edən idmançıların həm də məşqçisi kimi qatılan Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev deyir ki, ABŞ, Ukrayna, Rusiya təmsilçilərinə qarşı döyüş keçirməkdən daha məsuliyyətlisi göstərilən diqqəti və qayğını doğrultmaq, birinci tatami üzərinə çıxmaq idi. Kontakt karate yarışlarında 35 yaşdan yuxarı idmançıların mübarizəsində dünya kubokunun birincisi olan idmançımız ilk görüşün elə bu səbəbdən daha gərgin olduğunu deyir. Finalda isə ABŞ təmsilçisini 3 dəqiqəlik görüşdə 40 saniyə ərzində məğlub etmək nəinki idmançımız, bütün milli komanda üçün gözlənilməz olub. İdmançımız Odessada digər bir nəticə də əldə edib. Belə ki, o, kata görüşlərində üçüncü yerə sahiblənə bilib.

Naxçıvandan Odessaya gedib erməniyə məğlub ola bilməzdim...

I dərəcəli qəhvəyi kəmər sahibi və artıq qara kəmərə namizəd olan Mirpaşa Kərimov 14-15 yaşlı idmançılar sırasında mübarizə aparıb. İlk oyunda iki rusiyalı və bir ukraynalı idmançını 4:0 hesablı təmiz qələbələrlə məğlub edən Mirpaşa finalda, sözün əsl mənasında, tarix yazıb. Belə ki, millimizin iki idmançısını məğlub edərək finala yüksələn Ermənistan təmsilçisini çempionluğa həsrət qoyub. “Tatami üzərinə çıxanda nə düşünürdün?” – deyə soruşuram. Qürurla üzümə baxan bu balaca dostumun cavabı kifayət qədər qürurvericidir. “Düşündüyüm bircə şey vardı: Naxçıvandan Odessaya gəlib erməniyə məğlub ola bilmərəm. Həm də axı bütün komandanı, bizi dəstəkləyən azarkeşləri məyusluqdan qurtarmaq lazım idi. Sübut etməliydim ki, qələbə sonda mütləq bizim olur”.
Federasiyanın sədr müavini Nəriman müəllim də Mirpaşanın keçirdiyi görüşün gərginliyindən danışır: “Milli komandanın bütün heyətinə, azarkeşlərə bu qələbə hava-su kimi lazım idi. O, tatami üzərinə çıxdı, döyüşdü və 4:0 hesablı təmiz qələbə ilə təkcə bu oyunda yox, Qarabağda da son qələbənin kimin olacağını dünyaya nümayiş etdirdi”.

Gələcək yarışlardan mütləq çempion kimi qayıdacağam

VI dünya kuboku yarışlarına qatılan digər bir təmsilçimiz Xəzər Əliyev isə üçüncü yerlə kifayətlənib. 16-17 yaşlı idmançıların yarışında Ukrayna təmsilçisini 4:1, Rusiya təmsilçisini 4:0 hesabı ilə məğlub edən idmançımız dörddəbir final mərhələsində daha təcrübəli İtaliya təmsilçisi ilə qarşılaşıb. Demək olar ki, rəqibi ilə başabaş mübarizə aparan idmançımız 1:2 hesablı məğlubiyyətlə barışmalı olub. “Bu, mənim qatıldığım ilk dünya kuboku yarışları idi. İlk dəfə belə dünya kuboku kimi mötəbər yarışda iştirak həyəcansız ola bilməzdi. Deyirlər ki, güclü rəqiblərlə mübarizədə əldə etdiyim nəticə pis deyil. Amma mən daha böyük qələbələrə iddialıyam. Gələcək yarışlardan mütləq çempion kimi qayıdacağam”.

Öz qələbələrimdən daha qürurverici olanı erməni idmançının məğlubiyyətdən sonra məşqçilərimizin qarşısında baş əyməsi idi

Finala gedən yolda Qazaxıstan, Rusiya, İtaliya təmsilçilərini təmiz qələbələrlə məğlub edən ikinci dan qara kəmər sahibi İlkin Şirinov yalnız finalda əvvəllər Ukrayna və Avropa çempionu olmuş idmançı ilə mübarizədə tatamini məğlub tərk edib. “Daha titullu və beynəlxalq yarışlarda daha təcrübəli rəqiblə qarşılaşmaq, düşünürəm ki, finaldakı məğlubiyyətimin əsas səbəbi idi. Beləliklə, mən dünya çempionatının ikincisi oldum”, – deyir İlkin Şirinov. Finalda yalnız xal hesabı ilə məğlubiyyətə uğrayan İlkin gələcək yarışlara hazırlaşmaq üçün yaradılan şəraitdən maksimum bəhrələnəcəyini bildirir. “Sənin üçün ən gərgin və maraqlı görüş hansı idi?” sualına isə İlkinin cavabı maraqlı olur. Deyir ki, ən çox erməni idmançı ilə qarşılaşanda komanda yoldaşının final görüşündə gərginliyini hiss edib. “Öz qələbələrimdən daha qürurverici olanı erməni idmançının məğlubiyyətdən sonra məşqçilərimizin qarşısında baş əyməsi idi”, – deyən idmançımız qazanılan qələbələrin muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğının bəhrəsi olduğunu vurğuladı.
İdmançılarımızın oktyabr ayında Ukraynanın Odessa şəhərində keçiriləcək dünya çempionatı yarışlarında da iştirak edəcəyini deyən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev federasiya rəhbərliyinin idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanmasını qarşıya əsas vəzifə kimi qoyduğunu deyir. “Göstərilən bu qədər dövlət qayğısı, muxtar respublika rəhbəri tərəfindən Naxçıvanda beynəlxalq səviyyəli yarışların təşkil edilməsinə dəstək verilməsi idmançılarımızın qələbə qazanmasını müqəddəs vəzifəyə çevirir. Federasiya rəhbərliyinin əsas tələbi də beynəlxalq səviyyəli yarışlarda ölkəmizin bayrağını həmişə yüksəklərdə dalğalandırmaq, yeni-yeni qələbələr qazanmaqdır” – Sitatın sonu.

Elnur KƏLBİZADƏ