Dünən Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncağı olub.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Mənşur Gülməmmədli bildirib ki, federasiya ötən il işini günün tələbləri səviyyəsində quraraq bu idman növünün inkişafı və kütləviliyinə nail olunması istiqamətində bir sıra işlər görüb. Belə ki, muxtar respublikada çempionat, birincilik, turnir və yoldaşlıq görüşləri keçirilib. Eyni zamanda Naxçıvanın kişilərdən ibarət voleybol üzrə yığma komandası Yüksək Liqa Azərbaycan çempionatında iştirak edib. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində komandanın maddi­-texniki bazası gücləndirilib. Voleybol üzrə yığma komandamız həftənin beş günü İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqlərini davam etdirib.
Vurğulanıb ki, muxtar respublika üzrə daxili yarışlar da federasiyanın diqqətindən kənarda qalmayıb. Federasiya muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə birgə 11 tədbir keçirib. Həmçinin ötən il fevral ayında Bakı şəhərindəki Dərnəgül İdman Mərkəzində Yüksək Liqa kişilər arasında voleybol üzrə Azərbaycan çempionatında I dövrənin I, II, III və IV turunun oyunları keçirilib. Çempionatda Bakının “Neftçi”, “Sərhədçi”, “Lokomotiv” və “Ekspress” komandaları ilə yanaşı, muxtar respublikamızın “Naxçıvan” komandası da mübarizə aparıb. Eyni zamanda federasiyanın iki yetirməsi yeniyetmələrdən ibarət milli komandaya dəvət alıb və təlim-məşq toplanışlarında iştirak edib.
Federasiyanın sədri çıxışının sonunda həyata keçirilən tədbirlərin federasiya ilə Gənclər və İdman Nazirliyinin birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların bundan sonra da layiqincə yerinə yetiriləcəyinə, eyni zamanda yığma komandanın tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görüləcəyinə əminliyini bildirib.
Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bunun ifadəsidir ki, bu gün muxtar respublikada artıq gənc idmançılar nəsli yetişib, yüksək nəticəsi olan idmançıların adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlara əsasən Voleybol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, gənclərin idmana cəlbini, idman yarışlarının kütləviliyinin artırılmasını diqqətdə saxlamalıdır. Həmçinin federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməli, ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsini, həmçinin Azərbaycanın iştirak etdiyi beynəlxalq səviyyəli yarışlarda muxtar respublika idmançılarının iştirakını təmin etməlidir.

Nazir bildirib ki, Voleybol Federasiyası bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparıb, komandalar formalaşdırılıb. Keçirilən yarışlar idmançıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, yeni idmançıların yetişməsinə səbəb olub. Mütəmadi olaraq ixtisaslı mütəxəssislərin dəvət olunması ilə ustad dərslərin keçilməsi, texniki-taktiki seminarların aparılması voleybol idman növü üzrə müxtəlif yaş qruplarında komandaların formalaşmasına müsbət təsir edib. Azad Cabbarov vurğulayıb ki, nazirlik bundan sonra da federasiya ilə birlikdə işini günün tələblərinə uyğun şəkildə quracaq və bu növün kütləvi hal alması üçün mütəmadi olaraq birgə çalışacaqdır.
Sonra Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyevin 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilib. Naxçıvan şəhər komandasının baş məşqçisi Namiq Alışov çıxışında göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Tədbirdə federasiyanın il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.
Yığıncağa yekun vuran Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Ceyhun Məmmədov