Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş kikboksinq üzrə uşaq və yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Birinciliyin reqlamentinə əsasən idmançılar 8-9, 10-11, 12-14 və 15-17 yaş qrupları üzrə 14 çəki dərəcəsində rinqə çıxıblar.

Olimpiya sistemi üzrə keçirilən birinciliyin yekun nəticəsinə əsasən 8-9 yaş qrupunda Fərman Bağırov (24 kiloqram), Oğuz Məmmədli (27 kiloqram) və Səid Abbaslı (30 kiloqram) qalib adını qazanıblar. 10-11 yaş qrupunda Uğur Əliyev (30 kiloqram), Sadiq Hacıyev (34 kiloqram) və Hüseyn Həsənov (38 kiloqram) hamıdan güclü olublar. Mehman Abbasov (39 kiloqram), Şəmsəddin Əliyev (42 kiloqram), Səhət Əsədov (45 kiloqram), İsmayıl Yaqubov (48 kiloqram) və Yarəddin Cəfərov (51 kiloqram) isə 12-14 yaş qrupunda birinci yerə layiq görülüblər. 15-17 yaş qrupunda Miryusif Seyidov (51 kiloqram), Qənbər Nağıyev (54 kiloqram) və Ayhat İmranlı (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci olublar.
Komanda hesabında isə “Naxçıvan” komandası qalib adını qazanıb. “Şərur” komandası ikinci, “Turan” İdman Klubu üçüncü olub.
Sonda qaliblər diplom, medal və kubokla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti