Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təşkil olunan seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıb.
Bildirilib ki, Naxçıvanda bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi əhəmiyyət verilir, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya komplekslərinin, digər obyektlərin istifadəyə verilməsi, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana cəlbinə hərtərəfli şərait yaradıb. Bu gün Yüngül Atletika Federasiyasının nəzdindəki klublar və rayon bölmələri yüksək nəticələr əldə edir, idmançılarımız çıxış etdikləri turnirlərdə, yarışlarda böyük uğurlar qazanırlar.
Qeyd olunub ki, hər il məşqçi və idman müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq seminarlar, təlimlər təşkil olunur. Bu da yüngül atletika sahəsində yeni-yeni nailiyyətlərin əldə olunması məqsədi daşıyır. Cari ilin əvvəlində təsdiq edilmiş təqvim planına əsasən məşqçilər və idman müəllimlərinin iştirakı ilə keçirilən seminar da bu sahənin inkişafına öz töhfəsini verəcəkdir.
Sonra Azərbaycan Respublikası Atletika Federasiyasının məşqçisi, Hakimlər kollegiyasının sədr müavini Ceyhun Hüseynov məşqçi və müəllimlərə yüngül atletika üzrə uşaq, yeniyetmə və gənclərin hazırlanması metodları barədə geniş məlumat verib.
Sonda diskussiya olub, suallar cavablandırılıb.
Nail ƏSGƏROV