Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələr­arası kubok yarışları ­keçirilib.
Yarışlarda fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparıblar. İdmançılar arasında idman klubları ilə yanaşı, Sumqayıt, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan, Göyçay rayonlarının, həmçinin Naxçıvan Muxtar Respublikasının yetirmələri də iştirak ediblər.
Turnirin son günündə bölgələrarası kubok yarışlarında gimnastlar həm fərdi, həm də qrup hərəkətləri pro­qramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər.
2007-ci il təvəllüdlü gimnastlar arasında mübarizə aparan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölməsinin yetirməsi Günəş Hüseynova iki hərəkət üzrə, ümumilikdə, 12900 xal toplayıb və bürünc medal ­qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti