Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları və federasiya üzvləri iştirak ediblər.
İclasda çıxış edən muxtar respublikanın gənc­lər və idman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı 18 mart 2013-cü il tarixdə keçirilən müşavirədən sonra muxtar respublikada atıcılıq idman növünün maddi-texniki bazasının formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən biri də atıcılıq üzrə idman klublarının təsis edilməsi olub. Müşavirədən sonra Naxçıvanda iki atıcılıq klubu yaradılıb və yaradılmış bu iki idman klubu əsasında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası təsis edilib. 2013-cü ilin dekabr ayının 7-də isə Atıcılıq Mərkəzi istifadəyə verilib. Mərkəzdə inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi yaradılıb. Federasiya muxtar respublikada atıcılıq üzrə idman yarışlarının keçirilməsinə təşəbbüskarlıq göstərilməsini, təşkil olunan atıcılıq üzrə idman yarışlarında klub üzvlərinin iştirakının təmin olunmasını, mütəxəssislərin ixtisaslarının artırılmasını, atıcılıq üzrə muxtar respublikanın yığma komandasına cəlb edilmiş klub üzvlərinin müvafiq çempionatlarda, həmçinin beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etməsi üçün şərait yaradılması kimi məsələləri də özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.

Atıcılıq Mərkəzinin açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən atıcılıq üzrə yığma komandanın formalaşdırılması, yığma komandanın ölkə miqyaslı və beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, federasiyaya üzvlərin qəbul olunması və Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində Azərbaycan və beynəlxalq səviyyəli yarışların keçirilməsi barədə tapşırıqlar verilib. Lakin Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası il ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyib, keçirilən muxtar respublika yarışları isə keyfiyyət və təşkilatçılıq baxımından aşağı səviyyədə olub. Bu gün federasiyada fərqlənən idmançı və məşqçi-müəllimlər yox dərəcəsindədir. Eyni zamanda məşqçi-müəllim və idmançıların olmaması federasiyanın muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etməməsinə səbəb olub.
İşini günün tələblərinə uyğun qurmayan federasiyanın yarıtmaz fəaliyyətinin nəticəsi olaraq federasiya sədri Asəf Məmmədov vəzifəsindən azad olunub. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzində avadanlıqların qorunması, onlardan günün tələblərinə uyğun olaraq istifadə edilməsi, işin düzgün qurulması kimi bir sıra məsələlərə nəzarət federasiyanın üzvü Canməmməd Canməmmədova tapşırılıb.

 Ceyhun MƏMMƏDOV