Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə yarış keçirilib.
Yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar. Şəxsi və komanda yarışında idmançılarımız uğurlu nəticə əldə ediblər. Belə ki, çempionatda ən uğurlu nəticəni 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Sadiqov qazanıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Rəşad Həsənov (66 kiloqram) isə finala kimi yüksəlsə də, həlledici qarşılaşmada məğlub olaraq yarışı ikinci pillədə başa vurub. Mahir Babayev (70 kiloqram), Cavanşir Yaqubov və Sadiq Qasımov (97 kiloqram) isə yarışın bürünc medalını qazanıblar.
Ölkənin bir çox komandasının mübarizə apardığı yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası ümumi hesabda yarışın ikincisi olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və medal, komandaya isə kubok təqdim edilib.
Ceyhun MƏMMƏDOV