Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya­-İdman Kompleksində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçısı olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan gəncləri ilə Naxçıvan gəncləri arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.

Oyunun ilk hissəsi naxçıvanlı gənclərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə isə Türk Şurası gəncləri hesab arasındakı fərqi minimuma endirməyi bacarıblar. Lakin sonradan rəqibin daha üç dəfə fərqlənməsinə mane ola bilməyiblər.
Görüş Naxçıvan gənclərinin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonda qonaqlar oyunun iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.

Ceyhun MƏMMƏDOV