Ordubad rayon 3 nömrəli tam orta məktəbin idman zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə qızlardan ibarət “Naxçıvan”, “Ordubad” və “Şərur” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib.
Yoldaşlıq görüşünü keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənc qızlar arasında təbliğ etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə 60 qız idmançı iştirak edib. 6 yaş qrupunda 10 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə əsasən 6-7 yaş qrupunda Zəhra Əli (-20 kiloqram, Naxçıvan), Ayşən Mehbalılı (+25 kiloqram, Ordubad), 8-9 yaş qrupunda Aminə Novruzzadə (-35 kiloqram, Naxçıvan), Nərgiz İsmayılova (+35 kiloqram, Naxçıvan), 10-11 yaş qrupunda Ayan Məmmədova (-40 kiloqram, Naxçıvan), 12-13 yaş qrupunda Sevgi Məmmədova (-42 kiloqram, Naxçıvan), Ulduz Hümbətzadə (-47 kiloqram, Naxçıvan), 14-15 yaş qrupunda Fatimə Qasımova (+54 kiloqram, Naxçıvan), Səmra Məmmədli (-47 kiloqram, Naxçıvan) və 16-17 yaş qrupunda Gülnur Abdullayeva (+54 kiloqram, Ordubad) bütün görüşləri qalib kimi başa vuraraq birinci yerlərə layiq görülüblər.
Komanda hesabında isə “Naxçıvan” komandası qalib olub. “Ordubad” və “Şərur” komandaları digər yerlərlə kifayətləniblər.
Sonda hər yaş qrupunda yer tutan idmançılara təşkilatçıların diplom və medalları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti