Uşaqların bu sahəyə cəlbi üçün nə edilməlidir?

Uşaq futbolu – hazırda dünya ölkələrində futbolun inkişafına gedən yol məhz burdan başlayır. Qazanılan nəticələrdən, əldə edilən uğurlardan da görmək mümkündür ki, uşaq futbolunun inkişafına diqqət və qayğıyla yanaşan ölkələrdə bu idman növünün tərəqqisi pik nöqtədədir. Uşaqlarımızın həyatında futbol məhəllədə arxasınca qaçdıqları top, daha sonra bacarıqlarını nümayiş etdirə biləcəkləri bir sahədir. Bu sahənin də digərləri kimi müəyyən problemləri var və bunların aradan qaldırılması üçün muxtar respublikamızda mühüm addımlar atılır. Bəs bu problemlər nədən ibarətdir? Yaradılan infrastruktura və göstərilən dövlət qayğısına baxmayaraq, futbol həyatında ilk addımlarını atan uşaqların bu sahədə irəliləyə bilməməsinin səbəbi nədir?

Valideyn amili

Araşdırmalar göstərir ki, uşaqların futboldan uzaqlaşmasının iki səbəbi var: valideyn və təhsilə yönləndirilmə. İlk olaraq valideyn problemindən başlayaq. Bəzən uşaqların inkişafı üçün atdığımız addımlar onlara kömək etmək əvəzinə, bumeranq rolu oynayır və onların futboldan uzaqlaşmalarına səbəb olur. Əslində, burada valideyni qınaq obyektinə çevirmək mütləqdir. Səbəbi: əgər valideyn övladında futbola maraq oyatmaq, onun düzgün bir idmançı kimi yetişməsini istəyirsə, o zaman bu sahəni dərindən bilən mütəxəssislərin fikirlərini öyrənməlidir. Çünki o, kiçik yaşlarından etibarən keçirilən məşqlərə, uşaqların peşəkar futbola hazırlanmasına da önəm verməlidir. İndi, demək olar ki, bəzi valideynlər futbola maraq göstərməyən övladlarını zorla bu idman növü ilə məşğul olmağa vadar edirlər. Psixoloqların fikrincə, belə hallarda valideyn sözü uşaqda müəyyən psixoloji hallar yaradır və onun məşq zamanı fikri və istəyi başqa olur. Digər tərəfdən futbola marağı olan uşaqların idman və təhsillə plansız məşğul olması hər iki sahənin uğursuzluğu ilə nəticələnə bilər. Ümumiyyətlə, uşaqları təhsildən yayındırmamaq şərtilə onları futbola necə yönləndirmək olar?

Aparılan araşdırmalar göstərir ki, 6-8 yaşlarındakı uşaqlar futbol oynadıqlarını artıq dərk edirlər. Bu zaman onların məktəb müəllimləri (və ya idman müəllimləri) uşaqlara qalib gəlməyin o qədər də önəmli olmadığını aşılamalıdırlar. Çünki bu yaşda uşaqlar bacarıqlarını inkişaf etdirməklə yanaşı, oyundan zövq alır, həmçinin rəqabət etməyi öyrənirlər. Bu mərhələdən sonra uşaqlar 8-10 yaşında komanda oyunlarında oyna­mağa özlərini hazır hiss edirlər. Çünki psixoloqların təbirincə desək, uşaqda mübarizə ruhu formalaşır, komandanın bir üzvü olduğunu dərk edir. Artıq bu mərhələlər Avropanın bir çox ölkəsində tətbiq edilib və regionlarda istedadlı uşaqların üzə çıxması ilə nəticələnib.
Muxtar respublikamızda da futbolun inkişafı üçün hər bir şərait mövcuddur: məktəblərdə idman zalları yaradılıb, mini-stadionlar tikilib, rayon və kənd­lərdəki stadionlar əsaslı təmir olunaraq uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi uşaqların futbola cəlbi istiqamətində mühüm addımlar atıb. İlk olaraq Naxçıvanda futbolun inkişaf strategiyasının əsasını təşkil edən uşaq futbolundan başlanılıb. Uşaqların əylənməsi və gələcəkdə peşəkar futbolçu olmaları üçün “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun nəzdində uşaq futbol məktəbləri fəaliyyətə başlayıb. Daha dəqiq desək, məktəblərin iş qrafikləri genişləndirilib, onların məşq etmələri üçün zəmin yaradılıb. 10, 11, 12, 13 və 14 yaşlılardan ibarət formalaşan komandalarda hazırda 250-dən çox uşaq futbolun sirlərini öyrənir. Məktəblər təkcə Naxçıvan şəhərində deyil, eyni zamanda Şərur rayonunda da fəaliyyət göstərir. Rayonun Mahmudkənd və Aralıq kəndlərinin stadionunda həftənin 5 günü keçirilən məşqlərdə qonşu kəndlərin də uşaq futbolçuları iştirak edirlər. Məqsəd isə istedadlı uşaqları üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir. Qarşıdakı aylarda nazirlik tərəfindən digər rayonlarda da uşaq futbolunun inkişafı üçün komandalar yaradılacaq. Bu həm də rayon və kəndlərdə olan uşaqlar arasında əlaqələrin qurulmasına ­imkan verəcək.

Məşqçilər nə düşünür

Bəs uşaq futbolunda məşqçilərimiz hansı proqram əsasında işləyirlər? Onlar yaradılan şəraitdən necə istifadə edirlər? Sualımızı “Araz-Naxçıvan” futbol klubunun uşaq məşqçisi İntiqam Rəhimov belə cavablandırdı: “Hazırda uşaq futbolunun inkişafı üçün hər bir şərait yaradılıb. Xüsusilə Gənclər və İdman Nazirliyi mütəmadi olaraq bizimlə maraqlanır. Həftənin 5 günü məşqlərimiz olur və hər şənbə günü isə muxtar respublika stadionunda uşaqlar arasında yoldaşlıq görüşləri keçirilir. Hər yaş qrupuna daxil olan istedadlı uşaqlarla daha çox məşğul olur, onlarla məşq saatlarını artırırıq. Həmçinin Şərur rayonunda olan komandalarımızla ayda 2-3 dəfə bir yerdə məşq keçirik. Müəyyən pro­qramlar var ki, bunlar uşaqların futbolçu kimi inkişafı ilə yanaşı, cəmiyyət üçün sağlam fərd olaraq formalaşmasında da mühüm rol oynayır. Uşaqların fərqli psixoloji-fizioloji xüsusiyyətləri nəzərə alınaraq onların etdikləri hərəkətləri tərifləyib cəsarətləndirmək lazımdır. Çünki uşaqların enerjisi və öyrənmək istəyi onların futbolun bütün qaydalarını və sirlərini, məşqçilərin verdiyi tapşırıqları daha tez qavramalarını təmin edir. 11-14 yaşlarındakı uşaqlar bir qədər həssas olurlar. Buna görə də müəllimlər onlarla ünsiyyəti məhz bu yaş dövrünə uyğun qurmalıdırlar. Həmçinin yetkinlik dövründə uşaqlar arasında fərqliliklər də ortaya çıxır. Valideynlərə məsləhətim o olardı ki, övladlarınızın doğru istiqamətdə inkişaf etməsinə köməklik göstərin və idmandan uzaqlaşdırmayın”.
“Araz-Naxçıvan” PFK-nın baş məşqçisi Sakit Rzayevin fikrincə isə uşaqların futboldan uzaq düşmə­məsi üçün müəyyən dövrlərdəki məşq proseslərinə diqqət etmək vacibdir: “Dünya praktikasında olduğu kimi uşaqlarla məşq edərkən, ilk növbədə, onların bundan zövq almalarını təmin etmək lazımdır. Müasir futbolda uşaqların uzun müddətə planlaşdırılan məşq proqramları var. Öncə təməl hərəkətlərin inkişafı dövrü olur (5-11 yaşlılar arasında). 11 yaşdan 14 yaşa kimi intensiv məşqlərə hazırlıq məqsədilə müəyyən edilmiş təlim-məşqlər keçirilir. Növbəti iki ildə isə uşaqlar yarışlara ­hazırlanır. 17 yaşdan sonra isə məhsuldarlığı artıran məşqlərə start verilir ki, bu da onların peşəkar kimi formalaşmasına şərait yaradır. Bunlarla yanaşı, məşqçi uşaq seçimində də yanılmamalıdır. Bəzən düzgün keçirilməyən məşqlərdə istedadlı uşaqlar itib-batır. Buna görə uşaqların yaş dövrü keçidlərinə baxmaq lazımdır. Onların bioloji olaraq böyüməsi də nəzərə alınmalıdır. Uşaqların sürəti, cəldliyi onların fiziki böyümə və inkişafından bu və digər dərəcədə asılı olur. Böyümə ilə əlaqədar fiziki tutumdakı dəyişikliklər məşq məhsuldarlığına önəmli dərəcədə təsir edir. Elə futbol mütəxəssisləri də qeyd edirlər ki, uşaqların bu dönəmdəki dəyişikliklərini ciddi şəkildə izləmək lazımdır. Adətən, bu, 13-14 yaş arasında olur”.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi İdman Tibb Mərkəzinin baş həkim əvəzi Eldəniz Qurbanov futboldakı tələbləri uşaqlarda gedən böyümə ilə əlaqələndirir: “Uşaqların məşq edərkən sağlamlığını qorumaq və mümkün zədələrin qarşısını almaq yollarını bilmək vacibdir. Buna görə uşaqları məşqə cəlb etməzdən öncə onların fizioloji və fiziki göstəricilərini yoxlamaq lazımdır. Əks-təqdirdə yükləmələr futbolçuda fəsadlar törədə bilər. Uşaqları peşəkar futbolçu olmaq üçün yönləndirərkən onun fiziki, sümük, əzələ-sinir sistemi, hormonal, duyğusal və psixoloji inkişafına nəzər yetirmək mütləqdir. Onların yaşı irəlilədikcə futbolun tələbləri də dəyişir. İdman həkimləri, adətən, müəyyən yaş dövrlərində uşaqların ürək döyüntülərini müəyyənləşdirərək onlar haqqında yekun qərara gəlirlər. Məsələn, 11-13 yaşlarında uşaqların keçirilən oyun zamanı ürək döyüntüləri orta hesabla 160-170 atış/dəqiqə arasında dəyişir. Təbii ki, bunun da öz kriteriyaları var, peşəkar və ya həvəskar futbolçular arasında fərqlər də mövcuddur. Peşəkar futbolçular futbolu, eyni zamanda “başları ilə oynadıqlarına” görə onlarda bir qədər yüksək olur. Bununla yanaşı, 90 dəqiqə oynanılan futbol matçı zamanı uşaqların nəbzi 85 olur. Yaş yüksəldikcə, ürək ritmi oyunun şiddətinə görə artır”.
Göründüyü kimi, muxtar respublikamızda uşaq futbolunun inkişafı üçün hər bir şərait yaradılıb, Gənclər və İdman Nazirliyi tərəfindən bu sahənin kütləviləşməsi üçün işlər görülür. İndi çatışmayan yeganə məsələ Təhsil Nazirliyinin uşaqları təhsildən ayırmadan bu istiqamətdə müəyyən layihələr hazırlaması və valideynlərin futbol yönündə fikirlərini dəyişməsidir.

 Ceyhun MƏMMƏDOV