Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da start verilən Yeniyetmələrin 3-cü Olimpiya oyunlarında ağır atletimiz – 85 kiloqram çəki dərəcəsində Tərmenxan Babayev körpücük üzərinə çıxıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi olan Tərmenxan Babayev 2002-ci ildə Naxçıvanda anadan olub. Şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.
Olimpiya oyunlarında atletimiz birdənqaldırma hərəkətində 142 kiloqramı ram edib və bu hərəkətdə 2-ci olub. Tərmenxan təkanla qaldırma hərəkətində də 174 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə 2-ci yeri tutub.
Toplam 316 kiloqram nəticə ilə Tərmenxan Babayev Yeniyetmələrin Olimpiya oyunlarında 85 kiloqram çəki dərəcəsində “Gümüş” medala layiq görülüb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti