Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi bu ilin ötən 9 ayında gənclərlə iş, kütləvi bədən tərbiyəsi və idman sahələri üzrə 405 tədbir keçirmişdir. Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalı keçirilmiş, Naxçıvan şəhərindəki mərkəzi meydanda konsert proqramı təşkil olunmuşdur. Bununla yanaşı, Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin və idman federasiyalarının idmançılarının iştirakı ilə gənc­lərin qış və yay məktəbləri təşkil edilmişdir. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında “Gənclər bağı” salınmışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar gənclərin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüşü təşkil edilmiş, lektoriya və açıq dərs keçilmiş, ulu öndərin siyasi fəaliyyətinin hər iki dövründən bəhs edən “Hakimiyyətin yükü” adlı sənədli film nümayiş olunmuşdur. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar gənc­lərin muzeylərə ekskursiyası təşkil olunmuş, “Oxunması zəruri olan kitablar”ın müzakirəsi keçirilmişdir.

Muxtar respublikada idmanın kütləviliyi diqqət mərkəzində saxlanılmış, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında cüdo, boks, karate-do, velosiped, sərbəst güləş və qol güləşi üzrə muxtar respublika birincilikləri, Bakı şəhərindən dəvət olunmuş məşqçilər tərəfindən isə müxtəlif idman növləri üzrə ustad dərsləri keçilmişdir.
Kəngərli Rayon Mərkəzi Stadionu yenidən qurularaq istifadəyə verilmiş, muxtar respublikanın gənc­lərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birincilikləri təşkil edilmişdir. Həmçinin ötən dövrdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir, kikboksinq üzrə Beynəlxalq Peşəkar turnir, cüdo üzrə Beynəlxalq turnir, velosiped, kross qaçışı, boks, karate-do, sərbəst güləş, voleybol, basketbol, kikboksinq, peyntbol və süni divara dırmanma üzrə muxtar respublika turnirləri təşkil edilmişdir.
Ümumilikdə, muxtar respublika idmançıları ölkə birinciliklərində 84, beynəlxalq turnirlərdə 83, dünya çempionatlarında 2, Avropa çempionatlarında 3 olmaqla, 172 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti