Torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan, təlimlərdə fəal iştirak edərək daha da püxtələşən hərbi qulluqçularımız bu dəfə futbol meydançasında qələbə uğrunda yarışıblar. “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan futbol birinciliyində 17 komanda mübarizə aparıb. Əlahiddə Ümumqoşun Ordu komandanlığının təşkil etdiyi və olimpiya sistemi ilə keçirilən yarışda oyunları Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə ediblər.
Geniş tamaşaçı kütləsinin izlədiyi oyunlar gərgin mübarizə şəraitində keçib. 17 komanda arasından finala qədər yüksələn ən güclü 2 komandanın mübarizə apardığı final görüşündə 5-0 hesabı ilə qələbə qazanan tərəf Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandası olub. Hərbi qulluqçuların futbol birinciliyində ikinci yerdə motoatıcılar, üçüncü yerdə isə xüsusi təyinatlılar qərarlaşıb. İlk ­üçlükdə yer alan komandalar ­Əlahiddə Ümumqoşun Ordu ­ko­­­­­­­mandanlığı ­ tərəfindən diplom və kuboklarla ­mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV