Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib.
Körpücük üzərinə son olaraq 94 kiloqram çəki dərəcəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev çıxıb. 87 kiloqram çəki dərəcəsində olmasına baxmayaraq, yeni çəkidə yarışa qatılan idmançımız “Qızıl” medal qazanıb. Belə ki, o, birdən qaldırmada 135, təkanla isə 165 kiloqramı başı üzərinə qaldıraraq (toplamda 300 kiloqram) ölkə birinciliyində növbəti çempionluğu əldə edib.
Qeyd edək ki, Tərmenxan Babayev 6-18 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiadasında iştirak edəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti