Avqust ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası idman federasiyaları idmançılarının Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançılarına texniki-taktiki seminar, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində gənc oğlan və qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birincilikləri keçirilmişdir.
Türkiyənin Malatya şəhərində şahmat üzrə keçirilən VI beynəlxalq “Qızıl ərik” şahmat festivalında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikasının cüdo üzrə yığma komandasının, İran İslam Respublikasının Urmiya şəhərində karate üzrə keçirilən ənənəvi “Urmiya Open” Beynəlxalq çempionatında Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyasının idmançılarının iştirakı təmin edilmiş, 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Naxçıvan Şahmat Mərkəzində gənc­lər arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Bundan başqa, gənc idmançıların Naxçıvan şəhərində yerləşən muzeylərə gəzintiləri təşkil edilmiş, idmanın müxtəlif növləri üzrə şəhər və rayon birincilikləri, yoldaşlıq görüşləri təşkil olunmuşdur.
Avqust ayında idmançılarımız muxtar respublika birinciliklərində 3, beynəlxalq turnirlərdə 7 olmaqla, 10 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti