Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırıqlarına əsasən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi və idmançılar üçün cüdo üzrə seminar və təlim-məşq toplanışı keçirilib. 

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində keçirilən seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi­-müəllimlər qatılıblar. Bakı şəhərindən dəvət olunmuş Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişafı sektorunun müdiri, ikiqat Avropa çempionu Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesində iştirak ediblər. Mәşqçilәr yeniyetmә cüdoçulara yeni qaydalarla bağlı nəzəri və praktik məlumat veriblər.
Seminar barədə fikirlərini bildirən Tərlan Poladov qeyd edib ki, əsas məqsəd Azərbaycanda cüdonun inkişafına nail olmaqdır. Bunun üçün ölkə bu idman növünün təbliği istiqamətində işlər görülür. Bu gün Naxçıvanda cüdonun inkişafı, gənc­lər arasında sevilməsi və insanlarda bu növə marağın artırılması üçün hər bir şərait yaradılıb. Biz məşqçilər də mütəmadi olaraq nazirlik və federasiyanın dəvəti ilə muxtar respublikaya gəlir, məşqçi-müəllimlər və idmançılar üçün seminarlar, ­təlim-məşq toplanışları təşkil edirik. Eyni zamanda yeni qaydalar barəsində də onları məlumatlandırırıq. Bu gün keçirilən seminarda 80-dən çox idmançı iştirak edirdi. Biz Naxçıvana hər dəfə gəlib idmançı sayını çox gördükcə qürurlanırıq. Çünki muxtar respublikada bu növə maraq çoxdur. Naxçıvan cüdoçuları ölkədaxili və beynəlxalq arenalarda qazandıqları uğurlarla cüdonun muxtar respublikada inkişafının daim diqqətdə saxlanıldığını əyani olaraq göstərirlər.

Qeyd edək ki, təlim-məşq toplanışı beş gün davam edəcək. Məşqçilər Naxçıvan şəhəri ilə yanaşı, Şərur və Culfa rayonlarında da məşqçi-müəllimlər və idmançılar üçün seminar keçəcəklər.

Ceyhun Məmmədov