Muxtar respublikamızda yeni stadionların istifadəyə verilməsi gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynayır. Belə stadionlar kənd yaşayış məntəqələrində də lazımi idman qurğuları ilə təmin edilərək gənclərin ixtiyarına verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən Kəngərli rayonunda daha bir idman obyekti – rayon mərkəzi stadionunun yenidən qurularaq gənclərin istifadəsinə verilməsi də  Naxçıvanda idmanın inkişafına növbəti töhfədir.   

Qeyd edək ki, stadionun suvarma sistemi yenidən bərpa olunub, 200 ədəd oturacaq quraşdırılıb, tamaşaçılar üçün nəzərdə tutulan sahədə kilid daşları yenidən döşənilib, stadionun ətrafında olan ad göstəriciləri yenilənib. Stadionda mövcud olan sadətipli idman qurğuları, basketbol və voleybol üçün nəzərdə tutulmuş meydançalar təmir olunub.
Stadionun açılış mərasimində çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, bu gün muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, idmana da diqqət və qayğı göstərilir. Doğma diyarımızın şəhər və rayonlarında, kəndlərində yeni idman obyektləri, stadionlar tikilərək gənclərimizin ixtiyarına verilir. Bu, idmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Kəngərli rayon mərkəzi stadionunun da yenidən bərpası rayonda uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayacaq. Eyni zamanda yenidən təmir olunan stadionda keçiriləcək yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradacaq.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulayıb ki, gənc nəslə sağlam həyat tərzini təbliğ etmək, onların fiziki və mənəvi inkişafına yardım göstərmək dövlətin prioritetləri sırasında yer alır. Bu siyasəti idmanın inkişafı çərçivəsində dəyərləndirmək daha doğru olar. Bu gün muxtar respublikamızda idmanın inkişafı istiqamətində həyata keçirilən işlər bu sahənin nüfuzunu xeyli artırıb. Bu inkişaf idmançılarımızın beynəlxalq arenalarda əldə etdiyi medalların sayında da öz əksini tapıb.
Qeyd olunub ki, muxtar respublikada uğurlu idman siyasəti nəticəsində mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir, hər il idman infrastrukturu müasirləşdirilir, bu sahənin inkişafına davamlı qayğı göstərilir. Naxçıvanda yaradılan müasir idman infrastrukturu burada beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Bu gün idmançılar üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına zəmin yaradır. Mövcud infrastruktur, eyni zamanda uşaq və yeniyetmələrin, gənclərin sağlam, peşəkar idmançı kimi formalaşması baxımından böyük rol oynayır.
Diqqətə çatdırılıb ki, muxtar respublikamızın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də idman obyektlərinin tikilməsi, mövcud obyektlərin yenidən qurulması artıq ənənə halını alıb. Naxçıvanın ölkəmizin Gənclər Paytaxtı olduğu bu ildə Kəngərli rayonunda yeni təmir edilən stadion da gənclərimizdə idmana marağı daha da artıracaq və onlar gələcəkdə futbol bacarıqlarını böyük arenalarda nümayiş etdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev bildirib ki, bu gün muxtar respublikanın şəhər və rayonlarında, kəndlərində idmanın kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. İdman sahəsində qazanılan uğurlar sağlam gənc nəslin yetişdirilməsi ilə nəticələnib. Şübhəsiz ki, bu nailiyyətlərin arxasında uğurla həyata keçirilən idman siya­səti dayanır.
Qeyd olunub ki, muxtar respublikamızda idmanın inkişafına göstərilən qayğı bölgələrimizdə uşaq, yeni­yetmə və gənclərin bu sahəyə axınını gücləndirib. İdmanın bütün növlərinin kütləvi hal aldığı Naxçıvanda futbol xüsusi maraq kəsb edir. Muxtar respublikanın kəndlərində idmanın, xüsusilə futbolun inkişafı üçün əlverişli şəraitin olması, eyni zamanda yeni stadionların yaradılması gənclərin idmana marağını artırır.
Vurğulanıb ki, bu gün Kəngərli rayonunda istifadəyə verilən yeni stadionda da oyunların keçirilməsi üçün hər bir şərait yaradılıb. Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün stadionun ətrafında basketbol və voleybol meydançası, idman qurğuları quraşdırılıb.
Çıxışlardan sonra gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə rayon birinciliyinin ilk oyunu keçirilib. Qıvraq qəsəbə və Böyükdüz kənd komandaları meydana çıxıblar. Görüş Qıvraq qəsəbəsi komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 Ceyhun MƏMMƏDOV