Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Şərur Rayon İcra Hakimiyyəti ilə birgə rayon mərkəzindəki istirahət parkında şahmat üzrə rayon birinciliyi keçirib.
Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətilə keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək bildirib ki, rayonda gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Onların bütün idman növlərinə cəlbi istiqamətində atılan addımlar sayəsində uğurlar da ilbəil çoxalır. Bölgədə mütəmadi olaraq şahmat üzrə yarışların təşkil edilməsi bu idman növünə gənclərin böyük maraq göstərməsinə səbəb olub. Təqdirəlayiq haldır ki, rayonun zəka sahibləri ölkə və beynəlxalq səviyyəli yarışlarda muxtar respublikamızı uğurla təmsil edirlər.
Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxışında deyib ki, son illərdə muxtar respublikanın şəhər və rayonlarında müasir tələblərə cavab verən şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazaları gücləndirilib. Bundan əlavə, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş bu məktəblərdə distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb. Mütəmadi olaraq şəhər və rayonlarda şahmat üzrə yarışların təşkil olunması da Naxçıvanda bu idman növünün kütləviliyinin artırılmasına xidmət edir.
Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktor müavini Musa Məmmədli tədbirin keçirilməsində əməyi keçən hər kəsə iştirakçılar adından minnətdarlıq edib.
Sonra yarışa start verilib. 20-yə yaxın gənc zəka sahibinin iştirakı ilə açıq havada təşkil edilən şahmat yarışı gərgin idman mübarizəsi şəraitində keçib. Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri İbrahim Orucov I, Turan Qasımov II, Yeganə Əhmədova III və Miryəhya Seyidov isə həvəsləndirici yerlərə layiq görülüblər. Yarışın sonunda qaliblər mükafatlandırılıblar.
Nail ƏSGƏROV