İyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə futbol üzrə “Heydər Əliyev kuboku” turnirinin açılış və bağlanış mərasimləri olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın sonuncu görüşünə start verilməmişdən əvvəl tədbirin aparıcısı çıxışında ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamız ilk Avropa Oyunlarının vətəni kimi tarixə düşüb. Ölkəmizdə birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı tədbirlər, idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatları yüksək səviyyədə keçirilib, Formula 1 Azərbaycan Qran-Prisi ən maraqlı yarışlarından biri kimi tarixə düşüb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Naxçıvanda idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Nəticədə son 20 ildə muxtar respublikada 2 Olimpiya-İdman Kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 6 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, peyntbol meydançası və digər mühüm idman obyektləri istifadəyə verilib, məktəblərdə müasir idman zalları yaradılıb. Yeni istifadəyə verilən idman obyektləri arasında futbol meydançaları xüsusilə diqqəti cəlb edir. Bu stadionlar muxtar respublikanın kənd yaşayış məntəqələrinə də yeni gözəllik bəxş edib, onların müasir standartlara cavab verməsi yeniyetmə və gənclərin futbola marağını daha da artırıb.
Qeyd olunub ki, mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, burada ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan atletlərə diqqət və qayğı göstərilməsi uşaq və yeni¬yetmələrin daha geniş miqyasda idmana cəlb olunmasına zəmin yaradıb. Qısa vaxt kəsiyində həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq, naxçıvanlı idmançılar mütəmadi qaydada ölkədaxili və beynəlxalq turnirlərdə uğurlar əldə edirlər.
Daha sonra tamaşaçıların alqış sədaları altında “Heydər Əliyev kuboku” stadiona gətirilib, tanınmış müğənnilər Elton Hüseynəliyevin və Əli Pormehrin ifalarında rəngarəng mahnılar səsləndirilib, könüllülərin müxtəlif idman növləri üzrə hazırladıqları səhnələr nümayiş olunub.
Futbol üzrə “Heydər Əliyev kuboku” turnirinin sonuncu turunda “Araz-Naxçıvan” klubu və Mərkəzi Ordu İdman Klubu arasında keçirilən görüş maraqlı idman mübarizəsi ilə yadda qalıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
Beləliklə, ötən mövsüm I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” yarışda bütün rəqiblərindən çox - 7 xal qazandığı üçün qalib olub. Bununla da Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxıb. Yarışda ikinci yeri yerli “Araz-Naxçıvan” komandası tutub. Bürünc medallara isə “Zaqatala” yiyələnib. Ötən il qalibiyyəti sonadək əlində saxlayan Mərkəzi Ordu İdman Klubu bu dəfə mükafatsız qalıb.
Tədbirdə müxtəlif nominasiyalar üzrə ən yaxşılar da müəyyənləşib. “Ən yaxşı bombardir” üçün ayrılan mükafata aktivində 4 qol olan “Şüvəlan”ın futbolçusu Rəhman Musayev yiyələnib. “Ən yaxşı qapıçı” nominasiyası üzrə mükafatı həmin klubdan Əli Həsənli qazanıb. Turnirin “Ən yaxşı oyunçusu” adına isə “Zaqatala”nın fəalı Sərxan Abdullayev sahib çıxıb. Bundan əlavə, görüşləri idarə etmiş hakimlərə və onların işinə qiymət verən hakim-inspektora da xüsusi hədiyyələr təqdim olunub.
Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabarov, Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər.