Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi fəaliyyətinin təkmilləşdirilməsi, gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə yeni www.naxgin.az saytı yaradılıb.
Oxucular müasir dizaynda yaradılan və 8 bölmədən ibarət olan (baş səhifə, nazirlik, tədbirlər, mətbaut xidməti, gənclər siyasəti, idman siyasəti, qalereya və bizimlə əlaqə) saytda muxtar respublikada keçirilən tədbirlər, turnirlər, yarışlar barədə ətraflı məlumat əldə edə, idman və gənclər sahəsi ilə bağlı bütün suallara cavab tapa biləcəklər.
Saytda, eyni zamanda şəhər və rayonlarda fəaliyyət göstərən Gənclər və İdman İdarələri, nazirliyin tabe təşkilatları barədə də məlumatlar yerləşdirilib. Buradan onların sosial şəbəkələrdəki rəsmi səhifələrinə birbaşa keçid etmək mümkündür.
Sayt vacib mövzularla bağlı oxucuların suallarını cavablandıracaq, bu sahədə araşdırma, təhlillər aparılacaq. Burada bir yenilik isə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə bağlıdır. Belə ki, nazirliyin rəsmi saytında federasiyaların sayt linkləri adları ilə qeyd olunub və bura daxil olmaqla, istənilən idman federasiyasının fəaliyyəti barədə məlumat toplamaq mümkündür. Saytın üst hissəsində isə nazirliyin sosial şəbəkələrdəki səhifələri yer alıb.
Gənclər və İdman Nazirliyi bu saytı yaratmaqla, həm də bir yeniliyə imza atıb. Belə ki, nazirliyin keçirəcəyi muxtar respublika, ölkədaxili və beynəlxalq turnirlər sayt vasitəsilə canlı yayımlanacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti