Naxçıvan Muxtar Respublikası ­Atıcılıq Mərkəzində peyntbol üzrə ali və orta ixtisas müəssisələrinin tələbələri arasında muxtar respublika turniri ­keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirdə hər birinin tərkibində 6 idmançı olmaqla, 7 komanda mübarizə aparıb.
Olimpiya sistemi üzrə təşkil edilən turnirin final görüşündə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecinin komandaları üz-üzə gəliblər. Atıcılıqda daha sərrast olduqlarını nümayiş etdirən Naxçıvan Dövlət Universitetinin tələbələri turnirin qalibi adını qazanıblar. Heydər Əliyev adına Hərbi Liseyin komandası isə üçüncü olub.
Sonda qalib komanda “Heydər Əliyev kuboku”na layiq görülüb. Digər iki pillənin sahibləri isə diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV