Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda 2001-2002-ci illər təvəllüdlü oğlanlar arasında basketbol üzrə muxtar respublika turniri keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Basketbol Federasiyasının sədri Mahir Əliyev çıxış edərək turnir haqqında geniş məlumat verib, idmançılara uğurlar arzulayıblar.
Dairəvi sistem üzrə keçirilən və iki gün davam edən turnirdə 4 komanda mübarizə aparıb. İlk olaraq meydana üçüncü yer uğrunda “Babək” və “Şərur” komandaları çıxıb. Daha üstün oyun sərgiləyən babəklilər meydanı 30:12 hesablı qələbə ilə tərk ediblər. Turnirin həlledici qarşılaşmasında isə “Naxçıvan” və “Ordubad” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsində keçən görüş Naxçıvan basketbolçularının 56:49 hesablı qələbəsi ilə başa çatıb.
Sonda ilk üç pilləni tutan komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti