Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu – 2018” keçirilib. Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
“Küləyə qalib gəl!” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir, təşkil olunur. Builki marafonda 18 min insan iştirak edib.
Bakı marafonunda Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri və idmançıları ilə yanaşı, 25-dən çox ölkənin təmsilçiləri də mübarizə aparıblar.
Marafonun təşkil olunmasında məqsəd idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək olub.
“Bakı Marafonu – 2018”də Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançıları da mübarizə aparıblar. Ən uğurlu nəticəni isə muxtar respublika idmançısı Əmrah Nağıyev qazanıb. O, finiş xəttini 12-ci keçib ki, bu da azərbaycanlı idmançılar arasında ən yaxşı nəticədir. Digər idmançımız Səfər Tağıyev isə 22-ci olub.
İdmançılarımız medallarla təltif olunublar.

Ceyhun MƏMMƏDOV