Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında 8-ci tura yekun vurulub.
“A” qrupunun lideri hollandiyalı qrossmeyster Sergey Tiviyakov (2569) bu turda qazaxıstanlı beynəlxalq usta Pak Yevgeninin (2390) müqavimətini qıra bilməyib. Rəqiblər xalları yarı bölməli olublar. Azərbaycanlı qrossmeysterlər Eltac Səfərli (2657) və Qədir Hüseynovun (2654) da görüşü böyük marağa səbəb olub. Bu görüş də “sülh”lə yekunlaşıb. Turnir cədvəlinin üst pillələrində qərarlaşan şahmatçılardan israilli qrossmeyster İlia Smirin (2592) azərbaycanlı qrossmeyster Nicat Məmmədovla (2602), ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli ilə (2470), türkiyəli qrossmeyster Sanal Vahap (2505) isə almaniyalı qrossmeyster İqor Xenkinlə (2557) qarşılaşıb. Bu görüşlərdə Nicat qələbə qazandığı halda, digər iki görüşdə qalib müəyyənləşməyib. Ukraynalı qrossmeyster Anton Korobov (2678) iranlı beynəlxalq usta Təhbaz Araşı (2451) məğlub edib.
Naxçıvanlı zəka sahiblərimizdən beynəlxalq usta Toğrul Həsənzadə (2350) bu turda oyun keçirmədən qələbə qazanıb. FİDE ustalarımızdan Pərviz Qasımov (2329) azərbaycanlı zəka sahibi Ayan Allahverdiyevanı (2002), Sadiq Məmmədov (2293) isə portuqaliyalı qrossmeyster Luis Qaleqonu (2477) sınağa çəkib. Hər iki şahmatçımız məğlubiyyətlə üzləşib. Qrossmeyster Urfan Sevdimalıyev (2397) Xəzər Babazadə (2222) ilə görüşdə ağ-qara taxtanı heç-heçə tərk edib.
Turnir cədvəlinə 6 xalla azərbaycanlı qrossmeyster Nicat Məmmədov və hollandiyalı qrossmeyster Sergey Tiviyakov başçılıq edirlər.
“B” qrupunda isə lider dəyişməz olaraq qalır. Belə ki, Ağdam şahmatçısı Fariz Əhmədov (2146) bu turda da qalib gəlməyi bacarıb. O, Bakı təmsilçisi Rasim Əliyevdən (2180) üstün olub. Hazırda Fariz Əhmədov 7,5 xalla turnir cədvəlinə başçılıq edir. Onu 6,5 xalla 4 zəka sahibi izləyir.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunun lideri, Naxçıvan şahmat məktəbinin yetirməsi Zahid Allahverdiyev (1398) bu turda xal itkisi ilə üzləşib. O, muxtar respublikanın digər təmsilçisi Uğur Həsənli (1243) ilə xalları yarı bölüb. Bundan istifadə edən Bakı təmsilçisi Əli Zuqanov (1299) isə bu turda qalib gələrək liderliyə şərik olub. Hazırda hər iki zəka sahibi 7 xalla turnir cədvəlində liderdir.
Ceyhun MƏMMƏDOV