Naxçıvan şəhərinin 2018-ci ildə Gənc­lər Paytaxtı seçilməsi ilə əlaqədar hazır­lanmış tədbirlər planının müvafiq bəndinə əsasən muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında “Azərbaycanı tanı” bilik yarışması və intellektual oyunu ­keçirilib.
Yarışmada iştirakçılara Azərbaycan və Naxçıvan Muxtar Respublikasına aid ümumi bilikləri özündə əks etdirən 51 sual təqdim edilib və Azərbaycanın xəritəsini pazllar vasitəsilə qurma üzrə yarış keçirilib. Suallar test üsulu ilə kompüter vasitəsilə cavablandırılıb. Sonda sualları düzgün cavablandıran və xəritəni daha tez quran iştirakçılar oyunun qalibi olublar.
Yekun nəticəyə əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi, İran İslam Respublikasının vətəndaşı Abbas Ağazadə Qaraxədir birinci olub. Digər iki pillədə Naxçıvan Dövlət Universitetinin tələbəsi, İran İslam Respublikasının vətəndaşı Tarak Sahand və “Naxçıvan” Universitetinin tələbəsi, Banqladeş Xalq Respublikasının vətəndaşı Mohammad Ariful qərarlaşıblar.
Azərbaycan xəritəsini ən qısa zaman müddətində tamamlayan Naxçıvan Dövlət Universitetinin tələbəsi, Türkiyə Cümhuriyyətinin vətəndaşı Yusuf Geldi qalib adını qazanıb. Naxçıvan Dövlət Universitetinin tələbələri – Nigeriya vətəndaşı Edegbai Auğsta ikinci, İran İslam Respublikasının vətəndaşı Zeynəb Əjdəri isə üçüncü olublar.
Hər iki oyunun qaliblərinə təşkilatçılar tərəfindən diplom, hədiyyələr və oxunması zəruri olan kitablar təqdim edilib.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər ­Əliyev adına Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

 Ceyhun MƏMMƏDOV